"Bu dərsliklərdə məzmun bərbad vəziyyətdədir"-Ekspertdən ETİRAZ
Bölmə: Sosial › ,Tarix: 22:22 02.04.2024
Günümüzdə nəşr edilən bir çox tarix kitabları bəzən şagird və müəllimləri qane etmir. Dərsliklər anlaşıqlı deyil, yoxsa müəllimlər anlaya bilmirlər?
Bu barədə "İnformator.az"a açıqlamasında təhsil eksperti Cahid İmanlı qeyd edib ki, mövcud qaydaya əsasən dərsliklər hər 4 ildən bir dəyişilir:
"Bu da o deməkdir ki, hər tədris ilində hansısa sinif üzrə dərsliklərin məzmunu qismən və ya əsaslı şəkildə yenilənir. Məsələn, 2023-2024-cü tədris ilində 8 və 11-ci sinif üzrə Azərbaycan tarixi və Ümumi tarix dərslikləri yenidən nəşr olunub. Bir ilə 4 dərslik.! Bu dərsliklərin 2-si qismən, 2-si isə əsaslı şəkildə dəyişilib. Bu dəyişikliklər ilk növbədə müəllimləri çətin vəziyyətə salır. Söhbət ondan getmir ki, müəllim yeni dərslikləri mənimsəmək istəmir, müəllim öz üzərində çalışmır, xeyr, məsələ ondadır ki, eyni bir tarixi hadisə əvvəlki və hazırkı dərsliklərdə, yaxud da aşağı siniflərdə və yuxarı siniflərdə tam başqa izahda, başqa formada verilir. Məsələn, 7 - ci sinifdə şagirdlərə Qaraxanlı dövlətinin 927- ci ildə yarandığını söyləyən müəllim 10-cu sinifdə eyni şagirdlərə Qaraxanlı dövlətinin 840-cı ildə yarandığını deməli olur. Bu zaman həmin şagirdlərdə tarix elminə necə maraq yaratmaq olar? 2 il əvvəl oxuduğu tarixi hadisələrin "yalandan" ibarət olduğunu bilən şagirddə müəllim çətin bir də inandırıcılıq yarada bilsin".
Ekspertin sözlərinə görə, mövcud dərsliklərdə, xüsusən Ümumi tarix dərsliklərində məzmun bərbad vəziyyətdədir, kitabların dili də oxunaqlı deyil:
"Hazırkı dərsliklər şagirdlərin müstəqil oxuyub anlamasına qətiyyən uyğun deyil. Elə buna görə də şagirdlər, xüsusən yuxarı sinif şagirdləri məktəb dərsliklərinin üzünü açmırlar, gündəlik dərslərə və ali məktəblərə hansısa müəllifin vəsaitləri ilə hazırlaşırlar. Məktəblər müşahidə edilsə, yuxarı sinif şagirdlərinin əksəriyyətinin dərsliyinin səhifəsi açılmamış olduğunu və ya ümumiyyətlə dərsliyi məktəbə gətirmədiyinin şahidi olarıq".
Banuçiçək Kalbalıyeva