"Rusiya bazarı Azərbaycan üçün çox əhəmiyyətli bazardır"-Ekspert RƏYİ
Bölmə: İqtisadiyyat › ,Tarix: 20:10 03.04.2024
Rusiya ilə turizm əlaqələrinin inkişafı və əməkdaşlığın genişləndirilməsi imkanları aprelin 3-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Sankt-Peterburq şəhərinin Turizmin inkişafı üzrə komitəsinin sədri Sergey Korneyev arasında keçirilən görüşdə müzakirə olunub.
Müzakirələr hər iki ölkənin turizm imkanlarında nə kimi dəyişiliklər edə bilər?
Bu barədə “İnformator.az”a açıqlamasında turizm eksperti Rəhman Quliyev bildirir ki, bu gün Rusiya bazarı Azərbaycan üçün çox əhəmiyyətli bazardır:
“Çünki qonşu ölkələrinin içində ən böyük əhaliyə, nüfuza sahib olan Rusiyadır. Təbii ki, bu görüş Azərbaycan-Rusiya turizm əlaqələrini gücləndirəcək. Bugünkü gündə bu bizim üçün çox vacib mərhələdir ki, Rusiya bazarını Azərbaycana cəlb edək. Rusiyanın ən böyük şəhərlərindən: Sankt Peterburq, Moskva, Kazan, Ufadan və digər şəhərlərindən Azərbaycana axın edirlər. Nəzərə alsaq ki, Rusiya-Ukrayna müharibəsini fonunda Rusiya vətəndaşlarının Avropa, Amerikaya çıxışlarında müəyyən məhdudiyyətlər var. Buna görə də, Rusiyanın turist portferi yeni bazarlar axtarışına çıxıb. Ən müvafiq Azərbaycandır. Çünki Azərbaycan Rusiya üçün həm məsafə baxımındam yaxındır, həm də Azərbaycanda əmin-amanlıq, ictimai asayişin yüksək səviyyədə qorunub saxlanması da əsas verir ki, Rusiya turistləri Azərbaycanda sərbəst şəkildə səyahətlərini davam etdirsinlər. Həm qiymətlərin münasib olması, həm dil baxımından, həm də turistlərin təhlükəsizliyinin qorunması bizə böyük imkanlar yaradır ki, Rusiya ilə turizm əlaqələrini daha da genişləndirək”.
Müsahib qeyd edir ki, Rusiyanın turizm sektorunda kifayət qədər təcrübəsi var:
“Buna misal olaraq, Azərbaycanla qonşu əyalətlərində Yessentuki, Kislovodsk termal xarakterli sanatoriyalarla zəngin olan bölgələri qeyd edə bilərik. Təbii ki, bizim də böyük təcrübəmiz var: Naftalan, Qala sanatoriyaları. Beləliklə, gələcəkdə Qarabağ bölgəsində sanatoriyaların tikintisi və onların istifadəsində rusiyalı dostlarımızın da təcrübəsindən istifadə edib daha geniş şəkildə termal xarakterli sanatoriyalar tikib həm əcnəbi, həm də yerli turistləri cəlb edə bilərik. Təbii ki, biz Azərbaycan olaraq suveren ərazimizə bütün xalqların(Ermənistan istisna) turist şəklində gəlib-getmələrinə heç bir əngəl törətmirik. Azərbaycan hümanist ölkədir. Ölkə rəhbərinin düşünülmüş, uzaqgörən siyasəti nəticəsində bu gün Azərbaycan dünyaya günəş kimi doğub. Bütün dünyanın gözü inkişaf edən Azərbaycandadır. Və ona görə də, biz tam olaraq zəmanət veririk ki, Azərbaycana gələn hər bir turistin ən yüksək səviyyədə təhlükəsizliyi qorunacaq və xoş təəssüratlarla qayıdacaq. Biz birtərəf mövqeyimizlə öz strategiyamızı qurmuşuq. Turistlər bizim qonağımızdır və hər bir turistə fərdi yanaşmaqla da turizm portfelimizi daha da gücləndirəcəyik”.
Gülnisə Əfkari