"Tatarıstan Respublikası üçün Azərbaycanla birgə müəssisə açmaq əlverişlidir"-Ekspert RƏYİ
Bölmə: İqtisadiyyat › ,Tarix: 20:45 18.04.2024
İxracın və İnvestisiyaların Təşviqi Agentliyində (AZPROMO) Azərbaycanda səfərdə olan Rusiyanın Tatarıstan Respublikasının Baş nazirinin müavini, sənaye və ticarət naziri Oleq Korobçenkonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
AZPROMO-nun sahibkarlar arasında nə kimi töhfələri var? Kimya sənaye müəssisələrinin yaradılması iqtisadi inkişafa necə təsir göstərəcək?
Bu barədə iqtisadçı Fuad İbrahimov “informator.az”a açıqlamasında bildirir ki, AZPROMO yeganə təşkilatdır ki, sahibkarların rahatlıqla ixrac potensialında yolunu istiqamətləndirir:
“Birincisi, kifayət qədər sahibkar bu agentliyin vasitəsilə öz məhsullarının dünyanın müxtəlif sərgilərində çıxışını təmin edir. Agenlik prosesləri davam etdirir, şaxələndirir, məlumatlandırır. Bununla yanaşı, dünya bazarı və ya region bazarlarında hansı malın, hansı səviyyədə rəqabət yönümlü haqqında strateji məlumat verir, inteqrasiya yaradır. Son dövrlərdə bizim kimya sənayemizdə kifayət qədər inkişaf gedir, ixrac potensialımızın səviyyəsi artır- məhsullarımız dayanıqlı şəkildə ixraca yönəldilir. Agentlik tərəfindən kifayət qədər işlər görülür, amma söhbət tək agentlikdən getmir. Eyni zamanda, sahibkar da rəqabət yönümlü məhsul istehsal etməlidir”.
Ekspetin sözlərinə görə, Tatarıstanla birgə kimya sənaye müəssisələrinin yaradılması bizim ixrac siyasətimizin tələblərinə cavab verir:
“Azərbaycan qeyri-neft sektorunun inkişafı inkişafı istiqamətində kifayət qədər işlər görür. Kimya sənayesi Sovet dövründən Azərbaycanda inkişaf edib. Bu sahədə mütəxəssislərin hazırlanmasında, müəssisələrin açılmasında layihələr həyata keçirilib. Sumqayıtda kifayət qədər kimya sənaye müəssisələri var. 2024-ci ilin birinci rübündə qeyri-neft sektorunun inkişafında kimya sənayesinin 12%-dən çox payı olub. Biz xarici bazar üçün rəqabət yönümlü məhsul istehsal edirik. Tatarıstan Respublikası üçün Azərbaycanla birgə müəssisə açmaq əlverişlidir və bu onun iqtisadiyyatına çox müsbət təsir göstərəcək”.
Gülnisə Əfkari