Uşaqlar hansı mövzular üzrə istiqamətləndirilməlidir? -Psixoloq AÇIQLADI
Bölmə: Sosial › ,Tarix: 23:40 03.05.2024
Azərbaycanda oyunların, bədii kitabların uşaqların yaşına uyğun təsnifatlaşdırılması nəzərdə tutulur.
Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova "İctimai proseslər media müstəvisində" “Sosial məsələlərin, həmçinin məişət zorakılığı və erkən nikah kimi həssas mövzuların mediada düzgün işıqlandırılması” mövzusunda keçirilən forum çərçivəsində çıxışı zamanı deyib.
"İnformator.az"a açıqlaması zamanı bu məsələyə münasibət bildirən psixoloq Vüsalə Əmiraslanova dərsliklərdə, oyunlarda uşaqlar üçün hansı mövzuların olmalı olduğunu qeyd edib, bu barədə məsləhətlərini bölüşüb:
"Son dövrlərdə oyunlarda, filmlərdə dərsliklərdə uşaqların yaşlarına uyğun olmayan informasiyalar var. Əslində bu istiqamətdə olan mövzular arasında onların həm maariflənməsi, həm də birbirlərinə olan hörməti artırmaq üçün çalışmaq lazımdır".
Psixoloq deyir ki, bu mövzular daha ibrətamiz, anlaşıqlı mövzular olsun, hər dərsliyin içində uşaqların həyatına aid misallar çəkilsin.
"Ümumiyyətlə əxlaqi dəyərlər, təbiəti qorumaq, qidalanmayla bağlı mövzular mütləq şəkildə işlənilməlidir.
Dərs yükü ağırdır, onları uşaqlara çatdırmaq çox çətindir. Daim öz dərslərini oxuduqları üçün əlavə heç bir materialı oxuya bilmirlər.
Məsləhət edirəm ki, uşaqlara mövzuların arasında onları düşündürən psixoloji suallar verilsin, testlər əlavə olunsun. Uşaqların psixologiyasına müsbət təsir edən mövzulardan biri də milli dəyərlərimiz, adət-ənənələrimizdir".
Vüsalə Əmiraslanova bildirir ki, bu mövzuları uşaqlara fərqli formatda təqdim etmək lazımdır.
"Milli dəyərlərimiz nə qədər möhkəm olarsa, uşaqların da o istiqamətdə inkişafı möhkəm olar. Oyunların formatları da elə olmalıdır ki, milli dəyərlərimizə, psixoloji faktora əsaslansın. Uşaqların intellektual səviyyəsinin irəliləməsinə çalışmalıyıq".
Nəzrin Mirzəyeva