Okean temperaturu keçən il ərzində hər gün yeni rekord vurdu
Bölmə: Dünya › ,Tarix: 22:53 15.05.2024
İqlim dəyişikliyi nəticəsində okeanların temperaturu ötən il ərzində hər gün rekord qırıb. 50 gün ərzində temperatur rekordları indiyə qədər ən böyük fərqlə qırıldı.
El Nino hava hadisəsi planetimizi istiləşdirən istixana qazları ilə yanaşı buna da təsir etdi.
Okeanların həddindən artıq istiləşməsi dəniz həyatına böyük zərbə vurdu və mərcan ağartmasının yeni dalğasına səbəb oldu.
Təhlil Avropa İttifaqının (Aİ) Kopernik İqlim Xidmətinin məlumatları əsasında aparılıb. Uzun illər okeanlar iqlim dəyişikliyi ilə bağlı “wild card” kimi görünürdü. Çünki okeanlar təkcə insanların istehsal etdiyi karbon qazının dörddə birini tutmur, həm də artıq istiliyin 90 faizini udur.
Bununla belə, okeanların indi bu işdə çətinlik çəkdiyinə dair ən güclü dəlil keçən il ortaya çıxdı.
2023-cü ilin mart ayından bəri okeanların səthinin orta temperaturu davamlı olaraq uzunmüddətli normalardan yuxarı qalxaraq avqust ayında rekord həddə çatıb.
Kopernik məlumatlarına görə, son aylar gözlənilən rahatlığı təmin etmədi. Qlobal dəniz səthinin orta gündəlik temperaturu bu ilin fevral və mart aylarında 21,09C-yə çataraq yeni rekorda imza atıb.
Keçən il 47 gün ərzində gündəlik temperatur hər gün üçün əvvəlki rekorddan ən azı 0,3C yuxarı olub.
Əvvəlki illərdəki rekord temperaturlar arasında fərq heç vaxt bu qədər böyük olmayıb.
23 avqust 2023-cü il və 5 yanvar 2024-cü il tarixlərində temperaturun rekord qırdığı günlərdə okeanlar əvvəlki rekord səviyyələrdən 0,34 dərəcə isti idi.
Britaniya Antarktika Tədqiqatından Professor Mayk Meredit dedi: “Bütün bu istilərin okeanlara getməsi və bəzi mənalarda onların düşündüyümüzdən daha sürətli istiləşməsi çox böyük narahatlıq doğurur.
Bunlar ekoloji faktorların bizim istəmədiyimiz istiqamətlərə doğru getdiyinin əlamətləridir və onlar bu istiqamətdə getməyə davam edərsə, nəticələri ağır olacaq”, - deyə o bildirib.
Aynur Babayeva