Başdan-başa üslub əsəri

Bölmə: Araşdırma › ,
Tarix: 11:51 06.05.2015

Nurlan Səlim, BDU Jurnalistika fakültəsi,II kurs tələbəsi

Türk xalqları ədəbiyyatı içində xüsusi yer tutan ədəbiyyatlardan biri də Türkiyə ədəbiyyatıdır. Müasir Türkiyə ədəbiyyatının nümayəndəsi, ədəbiyyat üzrə Nobel mükafatçısı Orhan Pamukun geniş oxucu kütləsi qazanan əsərləri var. Bunlardan biri də “Mənim adım qırmızı” əsəridir.

Əsər Nəriman Əbdülrəhmanlı tərəfindən Azərbaycan türkcəsinə tərcümə olunub. Əsərin ilk səhifəsində “nəqqaşın öz üslubu, rəngi, səsi olmalıdırmı?” sualını görürük. Buradan bilmək olar ki, əsər başdan-başa üslub üzərində qurulub.

Əsərdə Qara, ölü, qatil, it, əniştə, Ester, Şəkurə, ağac, Kəpənək, Leylək, Zeytun, pul, ölüm, qırmızı, at, ustad Osman, şeytan, iki dərviş və qadın obrazlarının dilindən ayrı-ayrı hissələr verilir. Əsərdəki “qırmızı”, əsasən, qan rəngini təmsil edir və o “hər yerdəydim və hər yerdəyəm” deyir.

Öldürülən Zərif əfəndinin danışığından bilinir ki, onu öz nəqqaş dostlarından biri öldürüb. Danışıqlardan bilinir ki, Osmanlı Sultanı böyük bir kitab hazırlatdırmaq üçün sifariş verib və bunun gizli olmasını tapşırıb. Əsərin bütün konflikti də bu sifarişdən yaranan problemlərin üzərində qurulur. Kitab üçün rəsmlərin çəkilməsi Leylək, Zeytun, Zərif və Kəpənək qondarma adlı nəqqaşlara tapşırılır. Qatilsə, öncə Zərifi, daha sonra da Əniştə əfəndini öldürür. Qatilin necə tapılması və nələrin baş verməsini axırda qeyd edərik.

Əsərin başqa bir xətti bir qadının eşqi və çıxılmaz yolda qalması üstündə gedir. Şəkurə Əniştə əfəndinin qızıdır. Onun əri müharibəyə gedib və qayıtmayıb. Şəkurə Orxan və Şövkət adlı oğulları və atası ilə birlikdə yaşayır. Qara adlı şəxs Əniştə əfəndinin adamıdır, daha doğrusu Əniştə əfəndi məhz Qaranın əniştəsidir, amma özü də əsərdə ona hər kəs tərəfindən “Əniştə” adı ilə xitab olunduğunu deyir. Qara Şəkurəni çox sevirmiş və indi ona yaxınlaşmaq üçün tam zamanı idi, amma Şəkurə hələ dul sayılmırdı, onun ərinin ölüsünü görən yox idi və Hasan adlı qaynı var idi. Bütün bunlar Qaranı sevsə də, Şəkurənin onunla birlikdə olmağa əngəl olan faktlar idi. Şəkurəni Hasanın da sevməsi konflikti daha da qabardır. Bunlar arasında məktubları aparıb-gətirən, hər kəsə yol açan Ester var. Nə isə, qayıdaq Şəkurə, Qara və Hasan məsələsinə. Əsərdə açılan bu söhbət əslində təkcə həmin dövrün deyil, bütün dövrlərin problemidir. Qadınların cəmiyyətin sözü ilə hərəkət etməsi, yanlış anlaşılmasın deyə öz hislərindən imtina etməsi və öz istəkləri ilə, amma məcburi istəkləri ilə bədbəxt olması əsərin Şəkurə-Qara xəttində özünü göstərir. Böyük əzabla da olsa, Şəkurə Qara ilə evlənə bilir. Bu ərəfədə heç kim bilməsin deyə Zərif əfəndinin qatili tərəfindən öldürülən Əniştənin də cənazəsi gizlədilir və onlar evlənəndən sonra açığa çıxarılır.

Əsərin bir başqa xətti də nəqqaşlardır. Nəqqaşların arasındakı rəqabət, biri-birilərini qısqanmaları və bunun üçün hər şey etmələri insan qısqanclığını təsvir etsə də, bir başqa baxışla bu, həm də onların işinə olan sevgisindən danışır. Qatili tapmaq üçün Leyləyi, Kəpənəyi və Zeytunu sorğu-suala tuturlar. Bütün bunlara baxmayaraq qatil tapılmır və başlanılır üslub təhlil olunmağa. Bəli, nəqqaşların işlərini onların üslubundan tanımaq olur. Burada yazıçının diqqətə çatdırmaq istədiyi məqam məhz üslubiyyatdır ki, bu da bütün konfliktlərin və əsərin açarıdır. Ustad Osmanın danışıqları zamanı aydın olur ki, qatili xırda bir səhvindən də tapmaq olar və bu səhv kitabdakı atın burunun əyri çəkilməsi olur və qatilin Vəlican əfəndi, yəni qondarma adı ilə Zeytunun olduğu açığa çıxır. Ustad Osman qıyıqla gözünü kor edir, o baş nəqqaş idi və dediklərinə görə nəqqaşlar üçün ən böyük fəxr işləməkdən kor olmaqdır, əgər onlar kor olmurlarsa da, öz gözlərini deşib kor edirlər. Kor nəqqaş əsl peşəsinin sahibi hesab olunur. Təbii ki, əsərin bu xətti işə verilən dəyər və sevgidir. Nəqqaşlar öz gözlərini itirmək bahasına rəsmlər çəkir, naxışlar qoyurdular və onlar üçün ən böyük utanc bu işi görməkdən kor olmamaq idi.

Əniştə əfəndinin intiqamını almaq üçün yola düşən Qara Zeytunu həmin qıyıqla kor edir, amma Zeytun Qaranın əlindən qaça bilir. Lakin bu son deyildi. Zeytun ölkədən qaçmaq istəyərkən Hasanla qarşılaşır və Zeytunun əlindəki qılıncı görür. Hasan qılıncın onun olduğunu, qardaşı oğlu Şövkətlə anası Şəkurənin birləşib evindən oğurladığını söyləyir. Biri-birilə zəncirvari davam edən süjetin ən maraqlı hissəsi də qılıncın Zeytunda olmasının Şəkurəni qaçıran Qaranın adamlarından olmağını sübut eləməsi idi. Zeytun Hasan tərəfindən məhz buna görə öldürülür. Bir qatil kimi, can alan öldürülməsi gərəkən Vəlican əfəndi, yəni Zeytun adi bir yanlış anlaşılmanın qurbanı olur. Yazıçı bununla həyatın təsadüflərin və gözlənilməyən hadisələrin üzərində qurulduğunu vurğulamaq istəyir.

Sonda Şəkurənin dilindən həmin gecədən sonra onların necə yaşadığı danışılır. Zeytun tərəfindən yaralanan Qaranın ömrünün sonuna kimi şikəst vəziyyətdə yaşaması itirilən xoşbəxtliyin bir daha tapılmaması deməkdir. Qara ilə Şəkurə hələ illər öncəsində qovuşa bilməmişdilər, elə indi də qovuşmalarının bir mənası qalmamışdı. Yekunda olan maraqlı cümlələrdən biri də “Şövkətlə Orxan atamın qatilini öldürənin Qara yox, həmin əmiləri olduğunu unutmadılar” cümləsidir. Şəkurənin dilindən verilən bu cümlədə uşaqların əmilərini unutmadığını söyləyir. Hazırlanan kitabsa heç cür sona çatmır və demək olar ki, itib-batır.

Qətlin səbəbi, yəni həm Zərif əfəndinin, həm də Əniştənin öldürməsinin səbəbi isə dini baxışdır. İslama görə insan üzü çəkmək günahdır və nəqqaşlar kitabda naxışlardan əlavə görünən insan üzləri çəkməyə başlayırdılar. Bu da padşahın istəyindən irəli gəlirdi və bütün qorxular, anlaşılmazlıqlar və konfliktlərin başı bu fikirlərdir. Dini mövhumat bu əsərdə də bu şəkildə özünü tapmışdı.

Əsərin bir neçə xəttini və çatdırmaq istədiyi fikirlər təhlil olundu, amma bir daha vurğulayaq ki, əsər başdan-başa üslub əsəridir. Yazıçı hər bir peşə sahibini öz üslubu ilə ehtiyatlı olmağa, onun üslubu ilə bütün sirlərin açıla biləcəyinə səsləyir. Üslub olan yerdə heç nə sirr qala bilməz. Bu baxımdan əsər müxtəlif peşə sahibləri üçün maraqlı olmaqla yanaşı jurnalistlər üçün də böyük maraq kəsb etməli və hər bir jurnalist, jurnalist olmaq istəyənlər tərəfindən oxunmalıdır.