“Dünya iqtisadiyyatının iki böyük gücü arasında ticarət müharibəsi bütün ölkələrə mənfi təsir edir”
Çin Xalq Respublikasının sədri Si Cinpin və ABŞ Prezidenti Donald Trampın Cənubi Koreyanın Busan şəhərindəki danışıqları başa çatıb.
Mövzu ilə bağlı siyasi şərhçi Xaqani Cəfərli “İnformator.az”a açıqlamasında bildirib ki, Çin Xalq Respublikasının sədri Si Cinpin və ABŞ Prezidenti Donald Trampın Cənubi Koreyanın Busan şəhərindəki danışıqlar bütün dünya üçün nikbin sonluqla başa çatıb:
“Dünya iqtisadiyyatının iki böyük gücü arasında ticarət müharibəsi bütün ölkələrə mənfi təsir edir. Trampın açıqlamalarına görə, ən azından bir illik ticarət müharibəsi dayandırılıb. İki ölkə arasında münasibətlərin yumşalması bölgədə gedən rəqabətə də müsbət təsir edərək regional gərginliyi azaldır. Ancaq bütün bunlar o demək deyil ki, Çinlə ABŞ arasında rəqabət ortadan qalxacaq. Qənaətimcə qarşıdakı 2-3 ildə də bu rəqabətin kəskin təsirləri hiss olunacaq. Çin beynəlxalq münasibətlərdə və qlobal iqtisadiyyatda yeri və payı ilə razılaşana kimi ABŞ ilə mübarizəni davam etdirəcək. ABŞ-yə qalib gəlməyin ən azından bu əsrdə mümkün olmayacağını anladıqdan sonra Si Cinpindən əvvəlki siyasətə qayıdaraq əməkdaşlıq yolunu seçəcək. Rusiya və İranın məğlubiyyəti də bu prosesə öz müsbət təsirini göstərəcək”.
Aytac İbrahimova
