00:00:00
Yazar
Admin User
04.02.2026 18:47 71 3 dəq oxuma
Sosial

İctimai nəqliyyatda səs problemi: Şəxsi rahatlıq harada bitir, başqasının narahatlığı harada başlayır?

İctimai nəqliyyatda səs problemi: Şəxsi rahatlıq harada bitir, başqasının narahatlığı harada başlayır?

Avtobusda, metroda və digər ictimai məkanlarda telefonla yüksək səslə danışan, qulaqlıqsız şəkildə video izləyən insanlar bir çox vətəndaş üçün ciddi narahatlıq yaradır. Bu davranış bəziləri üçün adi görünsə də, digərləri bunu hörmətsizlik və ictimai mədəniyyətin zəifləməsi kimi qiymətləndirir. Bəs bu problem nədən qaynaqlanır və cəmiyyət olaraq buna necə yanaşmalıyıq?

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında sosioloq Nailə İsmayılova bildirib ki, nəinki ictimai nəqliyyatda, ümumiyyətlə, hər bir insanda daxili mədəniyyət olmalıdır:

 

“İnsan gördüyü hər bir işdə mədəni səviyyə nümayiş etdirməlidir. Əgər söhbət ictimai nəqliyyatdan gedirsə, mən də bir vətəndaş olaraq bu nəqliyyat vasitələrindən istifadə edərkən belə hallarla tez-tez rastlaşıram. Yüksək səslə telefonla danışanlar, qulaqlıqdan istifadə etsələr belə, musiqinin ətrafdakılara eşidiləcək qədər ucadan olması kimi hallar kifayət qədər yayğındır. Açıq desəm, qulaqlıqdan gələn musiqi səsini özüm də eşitdiyim anlar olub. Bəzən isə qulaqlıqdan istifadə edən insanla ünsiyyət qurmaq mümkün olmur. Təbii ki, bu cür hallarla təkcə mən deyil, ictimai nəqliyyatdan istifadə edən hər kəs rastlaşır. Bu baxımdan düşünürəm ki, insanlar yalnız özlərini deyil, ətrafdakıları da nəzərə alaraq telefon danışıqlarını və ümumilikdə telefon istifadəsini mədəni şəkildə həyata keçirməlidirlər. Bu, birbaşa daxili mədəniyyətlə bağlı məsələdir. Bəzən isə elə təsəvvür yaranır ki, insanlar telefondan istifadə etməyin elementar qaydalarını belə bilmirlər. Burada insanları qınamaq da istəmirəm. Ola bilsin ki, bəzi hallarda bu, sadəcə bilməməkdən irəli gəlir. Amma düşünürəm ki, insan özünə xoş gəlməyən davranışın başqasını da narahat edə biləcəyini anlamalıdır. Əgər mənim yüksək səslə danışmağım başqasına mane olursa, deməli, başqasının da eyni davranışı mənə mane ola bilər”.

 

 

Sosioloq eyni zamanda bildirib ki, hər birimiz telefon istifadəsi qaydalarına riayət etməli və ətrafımızdakı insanları telefon danışıqları və mesajlarla yormamalıyıq:

 

“Burada sosial şəbəkələrdən istifadə məsələsi də mühüm rol oynayır. Bəzən insanlar sosial şəbəkələrə o qədər aludə olurlar ki, bu artıq asılılığa çevrilir və nəticədə ətraf mühiti hiss etmək qabiliyyətini itirirlər. Bu isə sağlam hal deyil. Qulaqlıq məsələsində bu problemi sosial şəbəkələrə də aid etmək olar. Uşaqlar arasında bu mövzuda təbliğat aparmaq xüsusilə vacibdir. Onlara bu məsələlərdə diqqətli olmağın zəruriliyi aşılanmalıdır. Burada maarifləndirməyə ciddi ehtiyac var. İnsan bilmədiyini ona anlatmaq, izah etmək lazımdır ki, bu məlumatlar onların şüurunda yer alsın və düzgün davranış formalaşsın. İstər saytlar, istər sosial şəbəkələr, istərsə də, televiziya vasitəsilə bu cür maarifləndirmə işləri mütləq aparılmalıdır. Bilənlər bilməyənlərə öyrətməlidir. Çünki həyat getdikcə daha da mürəkkəbləşir. Sosial şəbəkələr artıq həyatımıza, hətta şəxsi həyatımıza belə ciddi şəkildə nüfuz edib. Xüsusilə uşaqlar arasında ətraf mühitdən təcrid olunma halları daha çox müşahidə olunur. Bu isə sonda böyük faciələrə gətirib çıxara bilər. Bu səbəbdən valideynlər daha diqqətli olmalı, övladlarının sosial şəbəkələrdən istifadəsinə nəzarəti artırmalı və zərurət olduqda onları bu platformalardan uzaq tuta bilməlidirlər”.

 

Banuçiçək Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər