00:00:00
Yazar
Güllər Gülhüseynova
28.02.2026 13:46 78 2 dəq oxuma
Media

AMEA Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri Sevinc Əliyeva “Mediada Azərbaycan dili” təlimində çıxış etdi

AMEA Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri Sevinc Əliyeva “Mediada Azərbaycan dili” təlimində çıxış etdi

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” proqramı çərçivəsində Bakıda keçirilməsi nəzərdə tutulan son təlim keçirildi.



“İnformator.az” xəbər verir ki,təlimdə AMEA Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq və linqvistik təhlil şöbəsinin müdiri, professor Sevinc Əliyeva “Televiziya aparıcılarının nitqi: orfoepik norma və praktik tələblər” mövzusunda çıxış etdi.



Təlimin açılışında BDU-nun kafedra müdiri, AzTV-nin Fokus qrupunun rəhbəri Aynur Nəsirova çıxış edərək Sevinc Əliyevanın media dilinin inkişafı istiqamətində gördüyü işlərin əhəmiyyətini vurğuladı.O qeyd etdi ki, dil məsələləri ilə bağlı hər hansı problem və ya sual yarandıqda ilk müraciət edilən mütəxəssislərdən biri məhz Sevinc Əliyevadır.



Sevinc Əliyeva çıxışında vurğuladı ki,televiziya bir dövrdə milli-mənəvi dəyərləri aşılayan veriliş və filmlərlə cəmiyyətin sevimlisinə çevrilmişdi. Onun sözlərinə görə, zaman keçdikcə efir məkanında bu cür proqramların sayı azalmağa başladı və bu məsələ diqqətdə saxlanılmalıdır.



Professor dilimizi qorumağın hər birimizin vətəndaşlıq borcu olduğunu söyləyərək onun məğlubedilməzliyindən də danışdı.O, bildirdi ki, Azərbaycan dili tarix boyu heç bir imperiyaya boyun əyməyibsə, ərəb dilinin təsirinə məruz qalsa da ,öz varlığını qoruyubsa, poeziyanın dili sayılan fars dilinin içində itməyibsə, rus və Avropa dilləri arasında əriməyibsə, deməli, bu dili heç bir dil məğlub edə bilməz.


Təlimçi Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda hazırda orfoqrafik və orfoepik qaydalar üzərində iş aparılması məsələsinə də toxundu. Sevinc Əliyeva üslub məsələsinə də toxunaraq bildirdi ki, dil subyektiv baxışlarla səciyyələnir və onun qorunması və inkişafı hər birimizin borcudur.



Efirlərdə “hansı ki” bağlayıcısının yersiz istifadəsinə toxunan Sevinc Əliyeva bildirdi ki, bu ifadənin yerinə Azərbaycan dilinə uyğun qarışılıq versək,daha məqsədəuyğun olar.



O,həmçinin qeyd etdi ki, dilimizin bugünkü vəziyyəti ən çox gündəlik nitqimizdə öz əksini tapır. Televiziya aparıcıları isə cəmiyyət ,xüsusilə də gənc nəsil üçün nümunə rolunu oynayırlar. Sevinc Əliyeva iştirakçılarla söhbətində onların yalnız nitqdə deyil, davranış və geyim mədəniyyətində də tamaşaçıya örnək olduqlarını söylədi.



Professor jurnalistlərə müraciət edərək bildirdi ki, Azərbaycan dilinin qoruyucuları məhz sizsiniz. O,həmçinin jurnalistin hər zaman dil məsələləri ilə bağlı axtarışda olmasının,sözlərin ən doğru variantını axtarmasının vacibliyini söylədi.



Sevinc Əliyeva qeyd etdi ki, bütün dialektlər özünəməxsus gözəlliyə malikdir və xalqın mədəni zənginliyini əks etdirir. Lakin o, ədəbi dil normalarının qorunmasının vacibliyini önə çəkərək dialekt elementlərinin televiziyaya gətirilməsinin yolverilməz olduğunu söylədi.Onun sözlərinə görə, efir dili ədəbi norma üzərində qurulmalı və geniş auditoriya üçün nümunə rolunu oynamalıdır.



Təlim interaktiv şəkildə keçdi.Sonda iştirakçıların sualları cavablandırıldı.

Cəfərova Səkinəbəyim

#tarix #baki #qalib #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər