00:00:00
Yazar
Zəri Bayramlı
04.03.2026 21:35 32 2 dəq oxuma
İqtisadiyyat

“Avropanın Azərbaycandan enerji asılılığının artması ölkəmizin təhlükəsizliyi və suverenliyinə dəstəyi gücləndirir”-ŞƏRH

“Avropanın Azərbaycandan enerji asılılığının artması ölkəmizin təhlükəsizliyi və suverenliyinə dəstəyi gücləndirir”-ŞƏRH

Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq yeni strateji mərhələyə qədəm qoyur. Bakıya səfəri zamanı Aİ-nin energetika və mənzil tikintisi komissarı Dan Jørgensen bildirib ki, tərəfdaşlıq artıq təkcə qaz təchizatı ilə məhdudlaşmır, həm də metan emissiyalarının azaldılması və bərpaolunan enerji mənbələrinin genişləndirilməsini əhatə edir.

 

 

Mövzu ilə bağlı siyasi şərhçi Əli Mustafa “İnformator.az”a açıqlamasında bildirib ki, Avropa İttifaqı ilə Azərbaycanın enerji sahəsində əməkdaşlığının genişlənməsi ölkənin Cənubi Qafqazdakı mövqeyini gücləndirir və region dövlətlərinin suverenliyinə müsbət təsir göstərir:

 

“Avropa İttifaqı kimi nüfuzlu aktorun bölgədə fəallaşması mövcud güc balansına təsirsiz ötüşmür. Ənənəvi olaraq Rusiya və İran uzun illər regionda dominant mövqedə olublar. İndi isə böyük güclərin sayının artması güc balansının daha çox şaxələnməsinə və ənənəvi aktorların rolunun azalmasına gətirib çıxarır. Bu proses region ölkələrinin beynəlxalq nüfuzunu artırır, diplomatik və siyasi-iqtisadi əlaqələrin dərinləşməsinə şərait yaradır. Maliyyə imkanları genişlənir, geosiyasi müstəqillik potensialı yüksəlir. Bu baxımdan əməkdaşlıq müsbət inkişaf dinamikası yaradır. Avropanın Azərbaycandan enerji asılılığının artması ölkənin təhlükəsizliyi və suverenliyinə də əlavə təminat formalaşdırır. Artıq Avropa ölkələri Azərbaycanı qorumaqda və suverenliyini dəstəkləməkdə daha maraqlıdırlar. Çünki enerji təchizatında, xüsusilə, qaz ixracında Azərbaycan xüsusi rol oynayır. Hazırda Azərbaycan dünyanın 16 ölkəsinə qaz ixrac edir və onlardan 10-u Avropa İttifaqı məkanına daxildir. Bu isə çoxşaxəli xarici siyasətin dərinləşməsinə töhfə verir”.

 

Siyasi şərhçinin sözlərinə görə, hazırda alternativ və yaşıl enerji istiqamətində  ölkədə mühüm addımlar atılır: 

 

“Bir sıra dövlətlərin bu sahəyə investisiya yatırması ilə bağlı məlumatlar var. Bu, yeni dünya nizamının və ekoloji tələblərin diktə etdiyi reallıqdır. Təmiz enerji istehsalının genişlənməsi həm qlobal ekoloji vəziyyətə müsbət təsir göstərir, həm də Azərbaycanın daha geniş coğrafiyada enerji tərəfdaşlıqlarını artırmasına imkan yaradır. Bu istiqamətdə infrastruktur quruculuğu aparılır, siyasi iradə mövcuddur. Enerji resurslarından səmərəli istifadə ölkənin iqtisadi potensialını gücləndirir və geostrateji mövqeyini möhkəmləndirir”.

 

Fatimə Hüseynli

#xəbər #yeni #azərbaycandan #azərbaycan #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər