00:00:00
Yazar
Ayan Sədi
17.03.2026 15:50 103 3 dəq oxuma
Mədəniyyət

"Torpaq çərşənbəsi xalqın qədim mifoloji düşüncəsinin və mənəvi dəyərlərinin ifadəsidir" – folklorşünas Könül Həsənova

"Torpaq çərşənbəsi xalqın qədim mifoloji düşüncəsinin və mənəvi dəyərlərinin ifadəsidir" – folklorşünas Könül Həsənova

Torpaq çərşənbəsi və ya Axır çərşənbə, Novruz Bayramının sonuncu, dördüncü çərşənbəsi olmaqla xalq arasında “İlaxır çərşənbə” kimi də tanınır. Bu gün yazın gəlişinin artıq çox yaxın olduğunu müjdələyir və təbiətin tam oyanmasının rəmzi kimi qəbul olunur. “Torpaq çərşənbəsi” hesab olunan sonuncu çərşənbə bayrama ən yaxın gün olduğuna görə daha təntənəli və xüsusi şəkildə qeyd edilir, müxtəlif mərasimlər və inanclarla müşayiət olunur.

 

Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti, folklorşünas Könül Həsənova "İnformator.az"a açıqlamasında bildirir ki, bu gün yalnız təbiətin dirçəlişi deyil, həm də xalqın qədim mifoloji düşüncəsinin, inanclar sisteminin və mənəvi dəyərlərinin ifadəsi kimi çıxış edir:

 

"Azərbaycan xalq inanclarına əsasən, Novruz öncəsi qeyd olunan çərşənbələr kainatın və təbiətin yaranma mərhələlərini əks etdirir. Su, od və yel ünsürlərinin ardıcıl oyanmasından sonra torpaq ünsürünün dirilməsi bu prosesin tamamlanması deməkdir. Bu baxımdan Torpaq çərşənbəsi həyatın yaranması üçün əsas mühitin formalaşması kimi qəbul olunur”.

 

Folklorşünas bildirib ki, xalq təsəvvüründə torpaq yalnız fiziki mühit deyil, canlı və müqəddəs varlıq kimi dərk edilir: 

 

"Xalq inanclarında torpaq bütün canlıların mövcudluğunun əsasını təşkil edir. Onun bərəkəti olmadan həyat mümkün deyil. Mifoloji və dini təsəvvürlərdə insanın torpaqdan yaradılması inancı torpağın sakral mahiyyətini daha da gücləndirir. "Torpaq oyanır”, “torpaq nəfəs alır” kimi ifadələr qədim animistik düşüncənin izlərini bu günə qədər yaşadır".

 

Könül Həsənova qeyd edib ki, Torpaq çərşənbəsində həyata keçirilən mərasimlər əsasən dirilmə və təmizlənmə ideyasına xidmət edir:

 

"Bu mərasimlərin ən mühüm elementi tonqal qalamaqdır. Tonqalın ətrafında insanlar toplaşır, nəğmələr oxuyur, alqışlar söyləyir və odun üzərindən tullanaraq "Ağrım-uğrum, azarım-bezarım bu odda yansın" kimi ifadələrlə özlərini mənfi enerjidən təmizlədiklərinə inanırlar. Həmçinin üzərlik yandırılması, kömür, duz və qara pulun evdən atılması kimi ayinlər də eyni məna daşıyır və insanların həyatından uğursuzluğun uzaqlaşdırılmasına kömək edir".

 

Folklorşünas vurğulayıb ki, Novruz öncəsi qeyd olunan Su, Od, Yel və Torpaq çərşənbələri təbiətin dörd ünsürünü simvolizə edir və hər biri özünəməxsus məna daşıyır:

 

"Torpaq çərşənbəsi bu silsilənin sonuncusu olaraq həyatın real dirçəlişini ifadə edir. Digər çərşənbələr hərəkətin başlanğıcını simvolizə edirsə, torpaq çərşənbəsi bu prosesin tamamlanmasıdır. Bu simvolika bayram mərasimlərində də öz əksini tapır. Yumurta boyamaq, səməni yetişdirmək, ağacları oyatmaq kimi adətlər təbiətin yenilənməsi ideyasını ifadə edir. Yumurta xüsusilə diqqətəlayiq simvoldur. Yumurtanın qabığı torpağı, sarısı günəşi, daxili mayesi isə suyu simvolizə edir və bu baxımdan o, kainatın kiçik modeli kimi qəbul olunur".

 

Həmçinin bildirib ki, Novruz mərasimləri sırasında müxtəlif fal adətləri də geniş yayılıb:

 

"Papaq atma, qulaq falı, üzüksalma və başmaq atma kimi inanclar insanların gələcəklə bağlı ümid və gözləntilərini əks etdirir. Bu mərasimlər xalqın simvolik düşüncəsinin və qədim inanclar sisteminin davamıdır”.

 

Könül Həsənova Torpaq çərşənbəsinin sosial və mənəvi aspektlərinə də toxunaraq əlavə edib ki, bu günlərdə insanlar arasında münasibətlərin yenilənməsi xüsusi əhəmiyyət daşıyır:

 

"Xalq inanclarına görə bayramı incikliklə qarşılamaq uğursuz sayılır və buna görə də küsülülər barışır, insanlar bir-birini ziyarət edir. Müasir dövrdə Torpaq çərşənbəsi əvvəlki kimi ritual xarakterini tam qoruyub saxlamasa da, onun əsas mahiyyəti yaşamaqdadır. Bu gün insanlar daha çox ailəvi şəkildə bayram keçirir, tonqal qalayır, süfrə açır və ənənələri yaşadırlar. Bu dəyərlərin gələcək nəsillərə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir. Folklor və milli ənənələr cəmiyyətin mədəni kimliyinin əsasını təşkil edir. Bu dəyərləri qorumaq və yaşatmaq bizim mənəvi borcumuzdur”.

 

Dosent xatırladıb ki, Novruz bayramı 2009-cu ildə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib və bu fakt onun beynəlxalq əhəmiyyətini bir daha təsdiqləyir:

 

"Dövlət səviyyəsində həyata keçirilən tədbirlər milli-mənəvi dəyərlərin qorunmasına və gələcək nəsillərə ötürülməsinə mühüm töhfə verir".

 

 

Ayan Sədi

#çərşənbəsi #həsənova #xalqın #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər