00:00:00
Yazar
Nərmin Həşimova
23.04.2026 17:01 37 2 dəq oxuma
Sosial

 

“Enerji içkilərinin tərkibindəki  maddələr  insan sağlamlığı üçün ciddi risklər yaradır”- Ekspertdən AÇIQLAMA

 

 “Enerji içkilərinin tərkibindəki maddələr insan sağlamlığı üçün ciddi risklər yaradır”- Ekspertdən AÇIQLAMA

Son illərdə xüsusilə, gənclər arasında energetik içkilərin istifadəsi sürətlə artmaqdadır. Bu içkilər qısamüddətli enerji və diqqət artımı versə də, tərkibindəki yüksək kofein və digər stimullaşdırıcı maddələr insan sağlamlığı üçün ciddi risklər yarada bilər.

 

Mövzu ilə bağlı Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova “İnformator.az”a açıqlamasında bildirib ki, enerji içkilərinin 18 yaşdan aşağı şəxslərə satışı Azərbaycan qanunvericiliyinə əsasən qadağandır:

 

“Lakin təəssüf ki, praktikada bu qaydalara hər kəsin əməl etdiyini demək mümkün deyil. Xüsusilə, təhsil müəssisələrinin yaxınlığında yerləşən satış nöqtələrində, marketlərdə və vendinq aparatlarında satış zamanı əksər hallarda alıcının yaşı yoxlanılmır. Bu isə enerji içkilərinin uşaqlar və yeniyetmələr üçün əlçatanlığını daha da artırır. Mövcud vəziyyət göstərir ki, qanunvericilikdə müəyyən təkmilləşdirmələrə və cəza tədbirlərinin sərtləşdirilməsinə ehtiyac var. Bununla yanaşı, məşhur şəxslərin - idmançıların, müğənnilərin iştirakı ilə aparılan reklamların geniş yayılması da bu məhsullara marağı artırır. Bu səbəbdən reklamların məhdudlaşdırılması, xüsusilə gənclərə yönələn təşviqatın qarşısının alınması və məhsullar üzərində sağlamlıqla bağlı açıq xəbərdarlıqların yerləşdirilməsi vacibdir”.

 

O qeyd edib ki, bu sahədə mütəmadi maarifləndirmə işlərinin aparılması zəruridir:

 

“Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein, şəkər və sintetik mənşəli maddələrin olması insan sağlamlığı üçün ciddi risklər yaradır. Bu maddələr xüsusilə, inkişaf dövründə olan uşaq və yeniyetmələrdə fiziki və əqli inkişafın ləngiməsinə, ürək-damar problemlərinə səbəb ola bilər. Kofein ürək ritmini sürətləndirir, qan təzyiqini artırır, eyni zamanda aqressivlik, yuxusuzluq, əsəbilik və diqqət dağınıqlığı kimi hallar yaradır. Əlavə olaraq, enerji içkilərinin təsiri qısamüddətli olur. Qısamüddətli enerji artımından sonra kəskin enerji düşüşü baş verir, bu da təkrar istifadəyə meyli artırır. Bu isə zamanla həm fiziki, həm də psixoloji asılılıq yaradır. Yüksək şəkər tərkibi isə diabet riskini artırır, diş minasının zədələnməsinə və çürümələrə səbəb olur. Xüsusilə, uşaqlar üçün risk daha böyükdür. Çünki onların orqanizmi hələ tam formalaşmayıb, daxili orqanlar inkişaf mərhələsindədir və qəbul edilən maddələrin təsirini düzgün tənzimləyə bilmirlər. Bu, hormonal balansın pozulmasına, boy və inkişaf problemlərinə gətirib çıxara bilər. Nəticə olaraq, enerji içkilərinin istifadəsi artıq kütləvi xarakter aldığından bu sahədə həm qanunvericilik baxımından yeniliklər edilməli, cərimə mexanizmləri sərtləşdirilməli, həm də nəzarət və monitorinq daha güclü şəkildə həyata keçirilməlidir. Bununla yanaşı, ictimai maarifləndirmə tədbirləri genişləndirilməlidir ki, xüsusilə, gənc nəsil bu məhsulların potensial zərərləri barədə daha məlumatlı olsun”.

 

Cavahir Əsgərbəyli

#energetik #içki #zərərləri #təsirləri
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər