00:00:00
Yazar
Aysel Mirzəyeva
02.05.2026 17:55 117 5 dəq oxuma
Siyasət

Azərbaycan-Avropa Parlamenti əlaqələrində gərginlik: Milli Məclisin qərarı diplomatik xətti necə dəyişir?

Azərbaycan-Avropa Parlamenti əlaqələrində gərginlik: Milli Məclisin qərarı diplomatik xətti necə dəyişir?

Milli Məclis Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əlaqələrin dayandırılması ilə bağlı qərar qəbul edib.

 

Mövzu ilə bağlı deputat Azər Allahverənov “İnformator.az”a bildirib ki, Azərbaycanla Avropa Parlamenti arasında olan gərginliyin şübhəsiz ki, əsas səbəbi bu strukturun kifayət qədər ermənipərəst siyasətə malik olması və bunun üzərindən hər zaman Azərbaycana qarşı qərəzli, reallıqdan uzaq, həqiqətə söykənməyən qətnamələr qəbul etməsidir:

 

“Görünən odur ki, Avropa Parlamenti daxilində erməni diasporasının və lobbi qruplarının fəaliyyəti kifayət qədər dərin köklərə malikdir və məhz bu təsirlərdən istifadə edən həmin lobbi qrupları Azərbaycan əleyhinə bu kimi qətnamələrin qəbul olunmasına nail olurlar. Əslində prosedur baxımından elə də mürəkkəb bir proses yoxdur. Burada söhbət çoxluqdan getmir, müəyyən qrup tərəfindən qətnamələrin irəli sürülməsi və həmin qrupun təşəbbüsünün sonradan qəbul edilərək rəsmi sənədlərə daxil edilməsi ilə nəticələnir. Nəzərə alsaq ki, 2021-ci ildən bəri təxminən 13 belə qətnamə qəbul olunub və bütün qətnamələrin kökündə həmin ermənipərəst lobbi qruplarının müxtəlif dairələrlə, xüsusilə də erməni diasporası ilə sıx əlaqələri nəticəsində formalaşan siyasət dayanır, bu tendensiya açıq şəkildə görünür. Çünki qətnamələrin mahiyyətinə diqqət yetirdikdə görürük ki, Azərbaycanla bağlı anti-Azərbaycan narativləri səsləndirən siyasi mərkəzlər və şəxslərin fikirləri sonradan əlaqələndirilmiş şəkildə həmin sənədlərdə yer alır. Bu da göstərir ki, proses müəyyən koordinasiyalı təsir mexanizmi əsasında formalaşır. Burada Luis Akampo və onun kimi bəzi şəxslərin, o cümlədən Josep Borrell və digər Avropa rəsmilərinin tribuna çıxışlarında səsləndirdikləri fikirlər də bu kontekstdə qiymətləndirilir. Son hadisələr də göstərdi ki, erməni diasporası müxtəlif ölkələrdə fəaliyyət göstərsə də, koordinasiyalı şəkildə Azərbaycan əleyhinə kampaniyalarını davam etdirir”.

 

Həmçinin deputat vurğulayıb ki, bu siyasətin əsas səbəbi isə Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsində və 2023-cü ildə ərazi bütövlüyünü tam bərpa etməsi nəticəsində yaranan yeni reallıqların qəbul edilməməsidir:

 

“Eyni zamanda, Azərbaycana qarşı uydurulmuş ittihamlar, həbsdə olan separatçı şəxslərlə bağlı yanlış məlumatlar və Qarabağın erməni icması ilə bağlı dezinformasiyalar da bu kampaniyanın tərkib hissəsidir. Bütün bunlar göstərir ki, məqsəd Azərbaycanın daxili və xarici siyasi mövqelərinə təsir göstərməkdir. Lakin 2021-ci ildən bəri qəbul olunan 13 qətnamənin hüquqi və real təsir gücü yoxdur. Avropa Parlamenti daxilində ermənipərəst dairələrin mövcudluğu və onların müəyyən təsir imkanları olsa da, bu qərarların real hüquqi nəticəsi yoxdur və daha çox siyasi xarakter daşıyır. Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər isə fərqli müstəvidə inkişaf edir. Xüsusilə enerji təhlükəsizliyi sahəsində strateji tərəfdaşlıq mövcuddur və bu istiqamətdə əməkdaşlıq davam edir”.

 

Deputatın sözlərinə görə, Avropa İttifaqına üzv bir sıra ölkələrin Azərbaycanla münasibətləri də müsbət inkişaf edir:

 

“Məsələn, Çexiya, Latviya və Litva rəsmilərinin Azərbaycana səfərləri və bəyanatları bu əlaqələrin genişlənməsinə marağı göstərir. Buna görə də, Avropa Parlamenti ilə münasibətlərin gərginləşməsi Avropa İttifaqı ilə ümumi əlaqələrə birbaşa təsir göstərmir. Çünki bu münasibətlər daha çox enerji, nəqliyyat və strateji əməkdaşlıq üzərində qurulub. Azərbaycanın yaratdığı yeni geosiyasi reallıqlar, xüsusilə Cənubi Qafqazda sülh prosesi, həm region ölkələrinin, həm də Avropa İttifaqının maraqlarına uyğundur. Nəticə etibarilə, bəzi Avropa institutlarının siyasi qərarları Azərbaycanın ümumi Avropa siyasətinə təsir etmir və əsas əməkdaşlıq istiqamətləri sabit qalır”.

 

Azər Allahverənovun fikrincə, diplomatik manevrları şərtləndirən çox vacib aspektlər və amillər var:


“Və ən azından biz fərz edək Avropa Parlamenti olsun ya Yevranist olsun, ya Avronest olsun, bununla əlaqələrin kəsilməsi ilə biz təbii ki, özümüzün diplomatik manevr imkanlarımızı məhdudlaşdırmırıq. Biz sadəcə olaraq burada əsas məsələ ondan ibarətdir ki, məsələn Avropa Parlamenti ilə münasibətlər 2015-ci ildə dayandırılıb və sonra Avropa Parlamentinin dəfələrlə müraciəti bir ümid yaratdı ki, bəlkə onlar özlərinin bu ermənipərəst - Azərbaycan əleyhinə olan mövqelərini dəyişə bilərlər. Amma gördük ki, yox, burada islamafob, Azərbaycan əleyhinə əhval-ruhiyyə kifayət qədər çoxdur. Münasibətlər bərpa olunduqdan sonra, 2016-cı ildən sonra biz gördük ki, dəfələrlə Avropa Parlamenti bu və ya digər formada müxtəlif məsələlərlə bağlı qətnamələrin qəbul olunmasına nail olur. Burada da hədəf bəllidir ki, Azərbaycanın inkişaf strategiyasının qarşısını alsınlar və ölkənin imicinə beynəlxalq münasibətlər sistemində zərbə vurmuş olsunlar. Qoşulmama Hərəkatı, COP29 və digər mötəbər tədbirlərin Azərbaycanda keçirilməsi, həmçinin Qoşulmama Hərəkatında Azərbaycanın sədrliyi bir daha onu göstərdi ki, Avropa Parlamentindəki bu kimi cəhdlərin heç bir gücü yoxdur və ölkənin inkişafının qarşısını ala bilməz”.

 

Son olaraq deputat qeyd edib ki, Azərbaycan kifayət qədər çoxsaylı platformalarda təmsil olunur:


“Türk Dövlətləri Təşkilatı, D8, C6 və digər dövlətlərlə strateji tərəfdaşlıq əlaqələri. Bu, şübhəsiz ki, ölkənin diplomatik manevr imkanları üçün geniş şərait yaradır və Azərbaycan da bundan praqmatik xarici siyasət vasitəsilə istifadə edərək müəyyən etdiyi hədəflərə doğru uğurla irəliləyir. Ən önəmlisi odur ki, Azərbaycanın həyata keçirdiyi xarici siyasət kursu qarşılıqlı hörmət, etimad və ümumbəşəri dəyərlərə sadiqlik əsasında qurulub. Amma Avropa Parlamentinin bu yanaşması bu prinsiplərdən çox uzaqdır. Odur ki, Azərbaycanın təmsil olunduğu platformalar və strateji tərəfdaşlarla münasibətlər daha geniş kontekstdə ölkənin uğurlu xarici siyasət kursunu həyata keçirməsi üçün geniş imkanlar açır. Azərbaycan da onlardan maksimum istifadə etməklə Avrasiyanın inkişafına töhfə verən inteqrasiya layihələrində fəal iştirak edir və bəzi layihələrin önündə gedir. Bu da Azərbaycanın beynəlxalq münasibətlər sistemində çəkisinin yüksək qiymətləndirilməsinə səbəb olur. Burada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uzaqgörən və müdrik siyasəti xüsusi rol oynayır. Onun müəyyən etdiyi strateji kurs sayəsində bu istiqamətlərdə ciddi uğurlar əldə olunur. Məhz bu uğurlar hesabına həm Azərbaycanın gələcək inkişaf strategiyası təmin olunur, həm də regionda dayanıqlı sülhün və inkişafın formalaşması üçün əlverişli mühit yaradılır”.


Aysel Mirzəyeva

#Siyasət #Azərbaycan #Avropa Parlamenti
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər