00:00:00
Yazar
Aysel Mirzəyeva
01.05.2026 21:31 27 2 dəq oxuma
Siyasət

“Azərbaycan balanslı xətt aparmağa çalışır” - ŞƏRH

“Azərbaycan balanslı xətt aparmağa çalışır” - ŞƏRH

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri İssam bin Saleh əl-Cuteyli ilə görüşüb.

 

Mövzu ilə bağlı politoloq Turan Rzayev “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki səfiri İssam bin Saleh əl-Cuteyli ilə görüşüb:

 

“Aydın məsələdir ki, keçirilən görüş formal nəzakət xarakterli görüş deyil. Adətən bu cür təmaslar daha konkret məqsədlərə xidmət edir. İki ölkə arasında münasibətlər yüksək səviyyədədir. Bununla belə rəsmi Bakı iki ölkə arasında artıq mövcud olan siyasi əlaqələri daha da dərinləşdirməkdə maraqlıdır. Xüsusilə Yaxın Şərqdə dəyişən geosiyasi mühit fonunda Bakı üçün Ər-Riyadla koordinasiyanı artırmaq enerji, təhlükəsizlik və regional balans baxımından əhəmiyyət kəsb edir. Bu görüşün arxa planında ehtimal olunan əsas mövzulardan biri enerji bazarındakı koordinasiyadır. Azərbaycan neft və qaz ixracatçısı kimi bazar sabitliyində maraqlıdır, Səudiyyə Ərəbistanı isə qlobal enerji siyasətində əsas oyunçulardan biridir”.

 

Həmçinin politoloq qeyd edib ki, bu baxımdan tərəflər üçün qiymət sabitliyi, istehsal balansı və alternativ marşrutların təhlükəsizliyi kimi məsələlər real müzakirə predmetidir:

 

“Postmünaqişə dövründə Azərbaycanın bərpa layihələrinə ərəb sərmayəsinin cəlb olunması da praktik gündəlikdə duran məsələlərdəndir. Son illərdə Bakının elan etdiyi maliyyə, investisiya və tikinti layihələri diqqət çəkir. Xüsusilə azad edilmiş ərazilərdə infrastruktur və şəhərsalma layihələrinə ərəb kapitalının cəlbi real və artıq müzakirə olunan istiqamətdir. Bundan başqa, dini turizm və humanitar əlaqələr də tərəflər arasında başlıca müzakirə olunan məsələlərdəndir. Bu gün heç kəsə sirr deyil ki, Azərbaycan xarici siyasətdə balanslı xətt aparmağa çalışır və bu balansın qorunması üçün müxtəlif güc mərkəzləri ilə paralel işləmək vacibdir. Bakı Yaxın Şərqdə baş verən prosesləri yaxından izləyir. Region ölkələri ilə əməkdaşlıqları da reallıq və maraqlar əsasında genişləndirməkdə maraqlıdır. Misal üçün Şərqdə Türkiyə, Səudiyyə Ərəbistanı, Misir və Pakistanın iştirakı ilə yeni geosiyasi blokun formalaşması ehtimalı gündəmə gəlib. Bu ölkələrin hamısı ilə Azərbaycanın yüksək səviyyədə əlaqələri var. Bakı belə bir blokda ilk başda yer almasa da, prosesləri yaxından izləyir”.

 

Günel Əlili

#aparmağa #balanslı #xəbər #çalışır”
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər