Azərbaycan-Britaniya Peşəkarlar Assosiasiyası və Böyük Britaniya Rəqəmsal Səhiyyə Şurası tarixi- elmi konfrans keçirib
Böyük Britaniyada fəaliyyət göstərən azərbaycanlı həkimləri, alimləri və peşəkarları öz ətrafında birləşdirən ilk akademik təşkilat-Azərbaycan-Britaniya Peşəkarlar Assosiasiyası (AABP), Londonun tibb dünyasında mərkəzi rol oynayan Krallıq Həkimlər Kollecində (Royal College of Physicians) növbəti nüfuzlu tədbirini uğurla həyata keçirib.
"Daxili xəstəliklər və Rəqəmsal Səhiyyə" (Internal Medicine meets Digital Health) mövzusuna həsr olunan bu yüksək səviyyəli konfrans, Böyük Britaniya Rəqəmsal Səhiyyə Şurası (UKDHC) ilə strateji tərəfdaşlıq çərçivəsində təşkil edilib.
UKDHC (United Kingdom Digital Health Council) səhiyyə sistemində rəqəmsal transformasiyanı, innovativ texnologiyaların tətbiqini və rəqəmsal səhiyyə strategiyalarının inkişafını dəstəkləyən nüfuzlu bir qurumdur. Tədbirin ən əlamətdar məqamlarından biri Krallıq Həkimlər Kollecinin Prezidenti Dr. Mümtaz Patel-in konfransda iştirakı olub. Dr. Patel öz çıxışında bu platformanın səhiyyə sahəsində innovasiyaların tətbiqi və klinik təcrübələrin mübadiləsi baxımından müstəsna əhəmiyyətini xüsusi vurğulayıb.
Konfransın təşkilatçılıq prosesi strateji tərəfdaşlıq formatında həyata keçirilib. UKDHC-ni təmsil edən Dr. Süheyl Cuqtai və AABP-nin təsisçisi və sədri, uşaq cərrahı Dr. İlhamə Cəfərli layihənin rəhbərləri və əsas tərəfdaşları kimi çıxış edərək, səhiyyə sahəsində müasir dövrün çağırışlarına cavab verən və gələcəyin tibbi mənzərəsini formalaşdıran bu qlobal əhəmiyyətli təşəbbüsə imza atıblar. Konfransda AABP-nin fəal üzvləri – Dr. Lamiyə Baxşəliyeva və Dr. Sevinc Kərimova da iştirak edib, mövzularla bağlı öz töhfələrini veriblər.
AABP və UKDHC-nin bu birgə fəaliyyəti, gələcəkdə də beynəlxalq səhiyyə ekosistemində Azərbaycanın tibb elminin layiqli təmsil olunmasına və innovativ həllərin səhiyyə sisteminə inteqrasiyasına mühüm töhfələr verəcəkdir.