Talibanın qadağasından sonra tarixi dönüş: Əfqan qadın futbolçular 8 min mil uzaqda yenidən bir araya gəldi
Talibanın hakimiyyətə qayıtmasından sonra futbol oynamaq hüququndan məhrum edilən Əfqanıstanın qadınlardan ibarət milli komandasının futbolçuları illər sonra ilk dəfə yenidən bir araya gəlib.
Komanda Yeni Zelandiyada təşkil olunan təlim-məşq toplanışı çərçivəsində toplaşıb və Kuk Adalarına qarşı iki yoldaşlıq oyunu keçirəcək. Bu, futbolçuların 2021-ci ildən bəri ilk birgə görüşüdür.
Aprel ayında FIFA-nın qəbul etdiyi qərara əsasən, xaricdə yaşayan əfqan qadın futbolçular gələcəkdə ölkələrini rəsmi beynəlxalq yarışlarda təmsil etmək hüququ qazanıblar. Bununla da illərlə davam edən mübarizə nəticəsində yaradılan Afghan Women United komandası gələcəkdə Dünya Çempionatı və Olimpiya Oyunlarına vəsiqə uğrunda mübarizə apara biləcək.
Əfqanıstanın qadınlardan ibarət milli komandası 2007-ci ildə yaradılsa da, 2021-ci ilin avqustunda Talibanın yenidən hakimiyyətə gəlməsindən sonra ölkədə qadınlara qarşı tətbiq edilən sərt məhdudiyyətlər futbolun da sonunu gətirib. Qadınların təhsil alması, bir çox peşədə çalışması və idmanla məşğul olması qadağan edildiyi üçün milli komanda fəaliyyətini dayandırıb.
Həmin dövrdə komandanın üzvlərinin əksəriyyəti Avstraliya, Böyük Britaniya, Portuqaliya və digər ölkələrə təxliyə olunaraq sığınacaq alıb. Sonrakı illərdə onlar müxtəlif ölkələrdə yaşasalar da, beynəlxalq arenaya qayıtmaq arzularından əl çəkməyiblər.
Komanda üzvləri bildirirlər ki, fərqli ölkələrdə qaçqın və sığınacaq axtaran şəxs kimi yaşamaq səbəbindən illərlə eyni məkanda toplaşmaq və məşq etmək mümkün olmayıb. Yeni Zelandiyada keçirilən bu toplanış isə onlar üçün həm futbola, həm də ölkələrini təmsil etmək arzusuna doğru atılmış mühüm addım hesab olunur.
Futbolçuların sözlərinə görə, bu komanda təkcə idman uğrunda deyil, həm də Əfqanıstanda hüquqları məhdudlaşdırılan milyonlarla qadının səsini dünyaya çatdırmaq üçün mübarizə aparır.
Elmira Ağayeva