00:00:00
Yazar
Lalə Qafarova
05.10.2026 23:00 56 2 dəq oxuma
Araşdırma

Nəqliyyatda “ağıllı dayanacaq” monitorlarının işi: Elektron lövhələrdə avtobusların gəliş vaxtı necə tənzimlənir?

Nəqliyyatda “ağıllı dayanacaq” monitorlarının işi: Elektron lövhələrdə avtobusların gəliş vaxtı necə tənzimlənir?

 

 

Paytaxtın ictimai nəqliyyat sistemində tətbiq olunan “ağıllı dayanacaq” monitorları sərnişinlərin avtobus marşrutları haqqında məlumatlanmasına xidmət edir. Bəzi hallarda elektron lövhələrdə avtobusların gəliş vaxtı ilə real hərəkət qrafiki arasında müəyyən fərqlər müşahid olunur və bu da sərnişinlərin diqqətini cəlb edir. “İnformator.az” saytı mövzunu araşdırıb.

 

Məsələ ilə bağlı sərnişin Zülfiyyə Zəkiyeva elektron lövhələrdəki vaxt göstəriciləri ilə bağlı təcrübəsini bölüşüb:

 

“Dayanacaqlarda gözləyərkən ekranda göstərilən vaxtla avtobusun gəlişi arasında bəzən 30-40 dəqiqəyə qədər fərq yaranır. Sistemdəki məlumatların daha dəqiq tənzimlənməsi sərnişinlər üçün daha rahat olar”.

 

Rəqəmsallaşma prosesi çərçivəsində sərnişinlər nəqliyyatın hərəkətini izləmək üçün alternativ olaraq müasir mobil tətbiqlərdən də yararlanırlar. Sərnişin Səbinə Əliyeva məlumat əldə etmək üçün proqramların rahatlığını vurğulayıb:

 

“Mən marşrut xətlərini izləmək üçün mobil tətbiqlərdən istifadə edirəm. “Bus Baku”, “BakıKart” və “AYNA MaaS” kimi proqramlar vasitəsilə avtobusların hərəkətini izləmək mümkündür. Bununla yanaşı, dayanacaqlardakı elektron lövhələrin də müntəzəm işləməsi vacibdir”.

 

Mövzu ilə bağlı “İnformator.az”a nəqliyyat eksperti Fərhad Eyyubov monitorların iş prinsipi və yaranan texniki məsələlər haqqında fikirlərini bölüşüb:

 

“İntellektual İdarəetmə Mərkəzi (İİM) ilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) arasında məlumat mübadiləsi və sistemlərin inteqrasiyası prosesi monitorların işinə təsir edən amillərdəndir. Digər tərəfdən, bəzi hallarda monitorlara fiziki təsirlərin olması da onların texniki vəziyyətinə təsir göstərir. Təhlillər aparılaraq hər bir monitorun texniki vəziyyəti və iş prinsipi daha da təkmilləşdirilə bilər”.

 

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən isə bildirildi ki, sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin artırılması məqsədilə “AYNA MaaS” tətbiqi istifadəyə verilib. Qeyd olunub ki, hər bir dayanacaq üzrə aktual marşrut xətləri haqqında daha dolğun məlumat əldə etmək və avtobusların gəliş vaxtını izləmək üçün bu tətbiqdən istifadə tövsiyə olunur.

 

Rəqəmsal tətbiqlərlə yanaşı, dayanacaqlardakı fiziki elektron lövhələrin də saz və işlək vəziyyətdə saxlanılması sərnişinlərin rahatlığı baxımından əhəmiyyətini qoruyur.

 

Aysun Xəlilova

Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər