00:00:00
Yazar
Elmira Ağayeva
02.11.2026 22:34 34 3 dəq oxuma
Maraqlı

Genetik kodumuz yuxu rejimimizi necə tənzimləyir? Cəmi 4 saat yataraq enerjili qalan insanların sirri araşdırılır

Genetik kodumuz yuxu rejimimizi necə tənzimləyir? Cəmi 4 saat yataraq enerjili qalan insanların sirri araşdırılır

Hər səhər cəmi dörd-beş saatlıq yuxudan sonra yorğunluq hiss etmədən günə enerjili başlamaq bəziləri üçün əlçatmaz görünsə də, alimlər bu xüsusiyyətin arxasında dayanan genetik amilləri araşdırırlar. Müasir həyatın gərgin ritmində insanların əksəriyyəti kifayət qədər yatmağa çalışdığı halda, bəzi şəxslər təbii olaraq daha az yuxu ilə gün ərzində normal fəaliyyət göstərə bilirlər. Bu fərqlilik həm cəmiyyətin, həm də elmi ictimaiyyətin diqqətini cəlb edir.

Kolorado Universitetinin immunologiya professoru Emi Puq Bernard gecə cəmi dörd saat yarım yatmasına baxmayaraq, səhərlər özünü tam oyaq və gümrah hiss etdiyini bildirir. O, adətən saat 22:00 radələrində yatmağa gedir və səhər 04:30-da oyanır. Ətrafındakı insanların təəccübünə səbəb olan bu xüsusiyyətin sadəcə şəxsi vərdişlə deyil, genetik amillərlə əlaqəli olduğu düşünülür. Belə ki, Bernardın atası və qardaşı da eyni qısa yuxu rejiminə malikdir.

Bununla belə, ABŞ Milli Yuxu Fondunun tövsiyələrinə əsasən, 26-64 yaş arası yetkinlərin əksəriyyətinin sutka ərzində 7-9 saat yatması məsləhət görülür. Alimlər yuxu müddətinə genetik faktorların da əhəmiyyətli təsir göstərdiyini bildirirlər. Tədqiqatlara görə, yuxu xüsusiyyətlərindəki fərqlərin təxminən 30-65 faizi genetik amillərlə əlaqələndirilir.

Elmi yanaşma və tədqiqatların nəticələri

Alimlərin apardığı araşdırmalar yuxu müddəti ilə genetika arasında mürəkkəb əlaqənin olduğunu göstərir. Bu istiqamətdə diqqət çəkən əsas tapıntılardan biri ailəvi təbii qısa yuxu sindromudur (FNSS). Bu nadir irsi xüsusiyyətə malik insanlar əksər şəxslərlə müqayisədə daha az yatmaqla kifayətlənir və gün ərzində normal fəaliyyətlərini davam etdirə bilirlər.

Molekulyar bioloq Yin-Hui Fu və həmkarlarının araşdırmaları bu sahədə mühüm nəticələr ortaya qoyub. Tədqiqatçılar müəyyən genetik dəyişikliklərin yuxu müddətinə təsir etməklə yanaşı, yaddaş və beyin funksiyaları ilə də əlaqəli ola biləcəyini müəyyənləşdiriblər. Bəzi eksperimental nəticələr isə bu genetik xüsusiyyətlərin neyrodegenerativ xəstəliklərə, o cümlədən Altsheymer xəstəliyinə qarşı qoruyucu təsir göstərə biləcəyinə işarə edir. Lakin bu əlaqənin insanlarda təsdiqlənməsi üçün əlavə araşdırmalara ehtiyac var.

Digər tədqiqatlarda təbii qısa yatan şəxslərin uzun müddət oyaq qaldıqda idrak funksiyalarında daha az zəifləmə yaşaya bildikləri müşahidə olunub. Bu nəticələr onların beyninin yuxu çatışmazlığına fərqli reaksiya verdiyini göstərir.

Özünü yaxşı hiss etmək həmişə kifayət qədər yatmaq demək deyil

Məsələnin digər mühüm tərəfi isə az yatan hər kəsin təbii qısa yuxu xüsusiyyətinə malik olmamasıdır. İnsan özünü gümrah hiss etsə belə, yuxu çatışmazlığı onun diqqətinə, yaddaşına və qərarvermə qabiliyyətinə mənfi təsir göstərə bilər.

Tədqiqatlar göstərir ki, sağlam yetkin insanların yuxu müddəti qəsdən sutkada 4-6 saata endirildikdə, onların idrak testlərindəki nəticələri zaman keçdikcə pisləşir. Maraqlıdır ki, təxminən iki həftədən sonra iştirakçılar özlərini yalnız bir qədər yuxulu hiss etdiklərini bildirsələr də, test nəticələrindəki geriləmə davam edir.

Vaşinqton Ştat Universitetinin alimi Hans van Donqenin araşdırmaları da bu məqama diqqət çəkir. Onun qənaətinə görə, insan yuxu çatışmazlığına qismən uyğunlaşdığını düşünsə də, əslində, idrak qabiliyyətlərinin zəifləməsini düzgün qiymətləndirmək bacarığını itirə bilər.

Gələcək tədqiqatlar hansı imkanlar vəd edir?

Bu sahədə aparılan araşdırmaların əsas məqsədlərindən biri yuxu pozğunluqlarının müalicəsi üçün yeni yanaşmaların hazırlanmasıdır. Alimlər təbii qısa yatan insanların genetik xüsusiyyətlərini daha dərindən öyrənməklə gələcəkdə yuxu çatışmazlığının mənfi təsirlərini azaltmağa kömək edə biləcək müalicə üsullarının hazırlanmasının mümkünlüyünü araşdırırlar.

Belə tədqiqatlar fasiləsiz işləməli olan hərbçilər və digər xüsusi peşə sahibləri üçün də yeni perspektivlər yarada bilər. Bununla belə, yuxuya olan ehtiyacı azaltmaq məqsədilə dərmanların hazırlanması hələlik elmi araşdırma mərhələsində olan istiqamətlərdəndir.

Hələlik mütəxəssislər insanlara öz yuxu rejimlərinə diqqət yetirməyi və kifayət qədər yatmağı tövsiyə edirlər. Emi Puq Bernard kimi təbii qısa yatan insanlar üçün isə genetik xüsusiyyətlərinin müəyyənləşdirilməsi bu fərqliliyi daha yaxşı anlamağa kömək edib.

“İndi mənim cavabım var. Bilirəm ki, bu, genetik baxımdan mənim təbii xüsusiyyətimdir və sadəcə bunu qəbul etməliyəm”, – deyə Bernard bildirib.

Ayşə Cəfərova

#Genetikkod #yuxu #maraqlı
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər