00:00:00
Yazar
Güllər Gülhüseynova
04.11.2026 20:41 24 1 dəq oxuma
Siyasət

Politoloq: Demokratların Konqresdə üstünlük qazanması Tramp administrasiyasının fəaliyyətini çətinləşdirə bilər

Politoloq: Demokratların Konqresdə üstünlük qazanması Tramp administrasiyasının fəaliyyətini çətinləşdirə bilər

ABŞ-də keçirilən aralıq seçkilərdə Demokratlar Partiyasının Nümayəndələr Palatasında çoxluğu əldə etməsi prezident Donald Trampın həm daxili, həm də xarici siyasətinə təsir göstərə bilər. Konqresdə siyasi balansın dəyişməsi administrasiyanın qərarlarının qəbulunu çətinləşdirə, bir sıra təşəbbüslərin müzakirəsini uzada və hökumətin fəaliyyətinə nəzarəti gücləndirə bilər.

 

Mövzu ilə bağlı "İnformator.az"a danışan politoloq Ramiyə Məmmədova bildirib ki, Demokratların Nümayəndələr Palatasında üstünlük qazanması Tramp administrasiyasının fəaliyyətinə ciddi təsir göstərəcək:

 

"Bu dəyişiklik ilk növbədə daxili siyasətdə özünü göstərəcək. Administrasiyanın atdığı addımlar və qəbul etdiyi qərarlar daha ciddi nəzarətə məruz qala, müxtəlif məsələlərlə bağlı araşdırmalar başlana bilər. Eyni zamanda, qanunvericilik təşəbbüslərinin qəbulunda gecikmələr və siyasi fikir ayrılıqları yarana bilər”.

Politoloq xarici siyasətdə də müəyyən dəyişikliklərin mümkünlüyünü istisna etməyib. O, xüsusilə ABŞ-İran münasibətləri, Fars körfəzi və Rusiya-Ukrayna müharibəsi ilə bağlı məsələlərdə Konqresdəki yeni siyasi balansın əhəmiyyət daşıyacağını vurğulayıb.

 

R.Məmmədovanın fikrincə, Ukraynaya göstərilən dəstəyin həcmi, Avropa İttifaqı ilə münasibətlər və ABŞ-nin regiondakı siyasəti Konqresdə müzakirə predmetinə çevrilə bilər. O hesab edir ki, bu proseslər Tramp administrasiyası ilə Demokratlar arasında fikir ayrılıqlarını daha da dərinləşdirə bilər.


Konqresdəki siyasi qarşıdurma administrasiyanın həm daxili, həm də xarici siyasətdə qərarvermə imkanlarını məhdudlaşdıra və ABŞ siyasətində yeni gərginlik mərhələsinə səbəb ola bilər.

#konqresdə #üstünlük #azərbaycan #demokratların
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər