Türkiyədə sülh prosesi yeni mərhələyə keçə bilər: Hatimoğullarından Milli Təhlükəsizlik Şurasına çağırış
Türkiyədə Sülh və Demokratik Cəmiyyət Prosesi çərçivəsində növbəti mərhələyə keçidlə bağlı müzakirələr davam edir. DEM Partinin həmsədri Tülay Hatimoğulları prosesin irəliləməsi üçün Milli Təhlükəsizlik Şurasının (MGK) müvafiq qərar qəbul etməsinin vacibliyini bildirib.
Mövzu ilə bağlı Mezopotamya Ajansına müsahibə verən Tülay Hatimoğulları prosesin hazırda keçid mərhələsində olduğunu deyib. Onun sözlərinə görə, parlamentdə qəbul edilən çərçivə qanunu hələ tətbiq olunmayıb və növbəti mərhələyə keçid üçün bu qanunun qüvvəyə minməsi vacibdir.
Hatimoğulları bildirib ki, prosesin uzanması gözlənilən nəticələrin əldə olunmasını gecikdirir. O, Milli Təhlükəsizlik Şurasının qərarının təxirə salınmamasına çağırıb. Siyasətçi çərçivə qanununun tətbiqi üçün nəzərdə tutulan müddətin altı ay olduğunu xatırladaraq vaxtın səmərəli istifadə edilməsinin vacibliyini vurğulayıb.
Müsahibədə mümkün geri dönüşlər məsələsinə də toxunulub. Hatimoğullarının sözlərinə görə, Türkiyəyə və Avropadan geri dönüşlərlə bağlı hazırlıqlar aparılır. Lakin bu addımların konkret nəticə verməsi üçün əvvəlcə Milli Təhlükəsizlik Şurasının qərarı qəbul edilməlidir.
DEM Partinin həmsədri Sülh və Siyasallaşma Şurasının tərkibində Türkiyə və Avropadan siyasi nümayəndələrin, eləcə də Abdullah Öcalanın vəkillərinin yer alacağını bildirib. Onun sözlərinə görə, şuranın üzvlərinin adları və sayı hələ dəqiqləşdirilməyib.
Hatimoğulları parlamentdə yaradılması gözlənilən komissiyanın da yalnız müşahidəçi qurum kimi fəaliyyət göstərməməli olduğunu qeyd edib. Onun fikrincə, komissiya prosesin gedişini izləməklə yanaşı, siyasi və hüquqi maneələrin aradan qaldırılmasında da fəal rol oynamalıdır.
O, demokratikləşmə qanunlarının qəbulunu prosesin əsas istiqamətlərindən biri kimi qiymətləndirib. Hatimoğullarının fikrincə, davamlı sülhün təmin olunması Türkiyədə demokratik islahatların həyata keçirilməsindən asılıdır.
Siyasətçi vurğulayıb ki, hazırkı mərhələ həssas xarakter daşıyır və prosesin irəliləməsi üçün həm hüquqi, həm də siyasi addımların atılması vacibdir.
Mənbə: Mezopotamya Ajansı
Aytən Əhmədova