00:00:00
Yazar
Elmira Ağayeva
26.11.2026 22:45 250 2 dəq oxuma
Gündəm

Pərviz Şahbazov: Azərbaycan “Kəmər və Yol” Enerji Tərəfdaşlığı çərçivəsində təşəbbüslərə töhfə verməyə hazırdır

Pərviz Şahbazov: Azərbaycan “Kəmər və Yol” Enerji Tərəfdaşlığı çərçivəsində təşəbbüslərə töhfə verməyə hazırdır

 

Azərbaycan “Kəmər və Yol” Enerji Tərəfdaşlığının 2027-ci il üzrə İş Planının icrasına və birgə təşəbbüslərin konkret layihələrə çevrilməsinə töhfə verməyə hazırdır.

Energetika naziri Pərviz Şahbazov bildirib ki, Çinin Çindao şəhərində “Kəmər və Yol” Enerji Tərəfdaşlığının İdarə Heyətinin ilk plenar iclasında Avrasiyanın enerji gələcəyində etibarlı bağlantıların və strateji tərəfdaşlığın rolu vurğulanıb.

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında iqtisadçı Aslan Əzimzadə bildirib ki, Azərbaycan və Çin arasında modernləşmə istiqamətində əməkdaşlıq genişlənir:

 

“Hazırda Azərbaycanla Çin arasında günəş və külək elektrik stansiyalarının yaradılması, enerji saxlama sistemlərinin qurulması və elektrik şəbəkələrinin modernləşdirilməsi istiqamətində əməkdaşlıq genişlənir. Qobustan və Hacıqabulda günəş elektrik stansiyalarının, Xəzər dənizində isə külək elektrik stansiyalarının yaradılması üzrə layihələri bu istiqamətdə xüsusilə qeyd etmək olar. Hesab edirəm ki, Azərbaycan üçün burada əsas prioritet yalnız investisiya cəlb etmək deyil, həm də texnologiya transferinə nail olmaq, energetika avadanlıqlarının yerli istehsalını təşkil etmək və yüksək əlavə dəyər yaratmaq olmalıdır. Çünki investisiyalar o zaman effektiv olur ki, onlar özləri ilə əsas kapital qoyuluşlarını istiqamətləndirsinlər və texnologiya transferini təmin etsinlər”.

Həmçinin iqtisadçı qeyd edib ki, Çin öz maliyyə və texnoloji imkanları ilə yaşıl enerji dəhlizinin inkişafına töhfə verə bilər.

“Formalaşmaqda olan altıncı texnoloji quruluş çərçivəsində həmin texnoloji quruluşa xas spesifik texnologiyaların milli iqtisadiyyatda tətbiqi özü-özlüyündə, təbii ki, iqtisadi artıma çox ciddi təkan verə bilər. Çin öz maliyyə və texnoloji imkanları ilə yaşıl enerji dəhlizinin inkişafına töhfə verə bilər. Azərbaycan isə Mərkəzi Asiya ilə Avropa arasında elektrik enerjisinin ötürülməsində strateji rol oynaya bilər. Bu, ölkəmizin ixrac strukturunun diversifikasiyasına, əlavə valyuta gəlirlərinin formalaşmasına və Azərbaycanın Avrasiyanın mühüm enerji qovşaqlarından birinə çevrilməsinə imkan yarada bilər”.

Bununla yanaşı, Aslan Əzimzadə tərəfdaşlığın ölkələr arasında enerji şəbəkələrinin inteqrasiyasına şərait yaradığını vurğulayıb:

“Geoiqtisadi və geosiyasi müstəvidə dünya konyunkturasının dəyişməsi enerji sahəsində də, enerji dəhlizləri istiqamətində də ənənəvi marşrutların alternativ marşrutlarla əvəzlənməsinə səbəb olur. Bu da ölkəmiz üçün əlavə iqtisadi imkanlar yaradır.

Enerji təhlükəsizliyinin əsas şərtlərindən biri enerji mənbələrinin və təchizat marşrutlarının diversifikasiyasıdır. Bu tərəfdaşlıq ölkələr arasında enerji şəbəkələrinin inteqrasiyasına və qarşılıqlı enerji təchizatı imkanlarının genişləndirilməsinə şərait yaradır. Makroiqtisadi baxımdan isə bu əməkdaşlıq qlobal enerji qiymətlərindəki volatilliyin, yəni qiymət dalğalanmalarının istehsal xərclərinə və inflyasiyaya təsirini yumşalda bilər. Nəticə etibarilə, üzv ölkələrin xarici iqtisadi şoklara qarşı dayanıqlığı yüksələ bilər”.

Ayşə Cəfərova

#töhfə #yeni #gündəm #hazırdır
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər