"Öyrəndim ki, mənim zədəm Van Bastenin zədəsi ilə oxşardı...."-Köhnə futbolçu ilə SÖHBƏT

Bölmə: İdman › ,
Tarix: 16:13 25.07.2024

"Başqa heç bir peşə məni maraqlandırmırdı, özümü başqa peşədə görmürdüm. Bu da mənə motivasiya verirdi ki, yenidən futbolu davam etdirim".

 

Bu sözləri "informator.az"a açıqlamasında futbol eksperti, köhnə futbolçu Aslan Kərimov deyib. O bildirib ki, müasir dövr və keçmiş dövr futbolu arasında böyük dəyişikliklər var:

 

"Mənim dövrümdə bir baş məşqçi, bir köməkçi məşqçi, bir də ümumi-qapıçı məşqçi var idi. Hazırda isə heyətdə 5-6 dənə məşqçi var, psixoloqlar, analitiklər və s. Müasir dövrdə texnologiyalar meydana gəlib, bizim dövrümüzdə texnologiyalar yox idi. Oyunçuların testlərini, fiziki hazırlığını yalnız gözəyarı, təxminlərlə ölçürdülər. Bu gün istənilən bir oyunçunun qanının tərkibini, yorğunluğ həddinin nə qədər olduğunu, nəyin üzərində işləmək lazım olduğunu açıq aşkar müəyyən edirlər və xüsusi olaraq bunun üzərində işləyirlər.

Mən təxminən 38 yaşıma qədər futbol oynamışam, oynadığım dövr şəxsi, adam-adama oynanılan taktiki gedişlərdən istifadə edilən dövrü əhatə edir. Mənim başladığım illərdə böyük dəyişikliklər var idi. O vaxtlar hərkəs öz oyunçusu ilə oynayırdısa, müasir dövrdə şəxsi futbol anlayış arxa plana keçib. Hərkəs rəqibi öz zonasında qarşılayır, zonal müdafiədə oynayırlar. Mənim oynadığım dövrdə oynanılan oyunların sürəti o qədər də yüksək deyildi, günümüzdə oynanılan futbolun sürəti həddindən artıq yüksəkdir. Sürət bu gün ən həll edici faktora çevrilib".

 

Ekspert futbolçu olduğu zamanlarda üzləşdiyi çətinliklərdən danışıb:

 

"Futbolçu olmaqdan ötrü böyük bir rəqabət olurdu. Bu rəqabətdə birinci olmalı idin. Ən böyük çətinliklərdən biri də, istənilən bir futbolçu özünü sübut etməkdən ötrü hər gün, hər oyun digərlərindən daha yaxşı olduğunu sübut etməlidir ki, seçimlərdə ön plana çıxa bilsin. Hər zaman məşqdə, oyunda özünün ən yaxşı olduğunu digərlərinə göstərmək psixoloji bir çətinlik idi. Digər bir çətinlik fiziki cəhətdən çətinlikdir. 1995-ci ildə Sumqayıtda məşqdə ikili mübarizədə olarkən sol ayağım topuq nahiyəsindən sındı. Ondan sonra yenidən futbola qayıtmaq, yenidən futbol oynamaqdan ötrü böyük əziyyət çəkdim. Ən çətin günlərim o vaxtlar idi. Sonradan öyrəndim ki, mənim zədəm ilə Van Bastenin zədəsi oxşar olub, sadəcə məndə sümüy sınmışdı, lakin bağlar tam olaraq qırılmamışdı. Van Bastendə isə çarpaz bağlar da qırılmışdı. Dolayısı yolla ən çətin məqamım o günlər idi. Həmin dövrdə Azərbaycanda birə-bir oynayan ən yaxşı futbolçulardan biri idim. Topuğumun hərəkətliliyi itmişdi, məşqlərdə ağrı hiss etmirdim, lakin bütün oyunçular məni aldada bilirdi. Təxminən 6-7 aydan sonra mən əvvəlki vəziyyətimə qayıda bildim".

 

Müsahibin sözlərinə görə, onun dövründə hansısa futbolçuya baxıb ilhamlanmaq deyə bir şey olmayıb:

 

"Futbolda ilhamlanmaq məsələsi yox idi. Özümü şəxs kimi hiss edəndən, məktəbə gedəndən artıq küçədə, həyətdə futbol oynayırdıq. Bizim dövrümüzdə planşet, telefonlar yox idi deyə oyunlarımız "yeddi şüşə", "qaçdı tutdu" və ya həyətdə top ilə hər hansı oyun idi. Ən sevdiyim oyun topla olan oyunlar idi. Əsasən futbol oynamağı çox sevirdim. Hər hansı bir futbolçuya baxıb ondan ilham almaq deyə bir imkanımız yox idi. Bu gün bu daha asandır. Həm televiziya, həm media vasitələri sayəsində istədiyin futbolçunu görə bilirsən. Məsələn mənim dövrümdə ən yaxşı oyunçu "Maradona" idi. Mən onu sadəcə dünya çempionatında görə bilərdim, buna baxmayaraq bizim yaşımızda onu görmək elə də asan deyildi. Bir gün həyətdə futbol oynayanda Bəxtiyar Musayev dedi ki, gəl gedək futbola. Biz paralel siniflərdə oynayırdıq, sinif-sinifə rəqabətcil oyunlarımız gedirdi".

 

Aslan Kərimov ən motivasiyalı məşq edən oyunçu olduğunu düşünür:

 

"Mənim haqqımda kimdən soruşsanız onlar məni sizə ən motivasiyalı məşq edən oyunçu kimi qələmə verəcəklər. Mən bütün məşqlərdə sevgiylə, istəklə, həvəslə məşq etmişəm. Bizim dönəmimizdə daha çox kross qaçışlar edirdik, Əlbəttə, sadəcə biz yox o dönəm Almaniya, İngiltərə kimi ölkələrdə çoxlu sayda kross qaçışlar edirdilər. Bu da futbolçular üçün o qədər də xoş deyildi. Mənə isə fərqi yox idi, istər kross qaçırtsınlar, istər məşqdə qaçaq fərqi olmurdu. Hər zaman istəklə, rəqabətlə edirdim bunu. Bu, yəqin ki, öz işini sevməklə bağlı idi və daxili motivasiya alırdım, amma bir məsələ də var idi ki, futbol olmasa mən başqa nə ilə məşğul ola bilərəm ? Başqa bir peşə ilə məşğul olmaq kimi bir niyyətim yox idi. Bəzən gündə 3-4 məşq edirdik. Bu istər istəməz insanı həm fiziki, həm də psixoloji baxımdan yorurdu. Bəzən də, hər şeyi buraxmaq istədiyin vaxtlar olurdu. Belə zamanda isə mənə motivasiya verən futbolu atmalı olsam "Mən başqa nə edərəm, nə işlə məşğul olaram" sözlərim olurdu..."

 

Məhəmməd Qasımov