Zelenskinin atəşkəs təklifini Rusiya niyə qəbul etmir?

Bölmə: Siyasət › ,
Tarix: 20:19 14.05.2025

Zelenski Putini qorxaqlıqda ittiham edib:

"Rusiya Prezidenti Vladimir Putin mənimlə birbaşa danışıqlar aparmaqdan qorxur".

 

UNIAN agentliyinin məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski brifinq zamanı bildirib. Ukrayna lideri xatırladıb ki, martın 11-də rəsmi Kiyev, ABŞ-nin Səudiyyə Ərəbistanında keçirilmiş görüşdə qeyd-şərtsiz atəşkəslə bağlı təklifini tam şəkildə dəstəkləyib:

 

"Bu təklif artıq 63 gündür ki, danışıqlar platformasında qüvvədə qalır. Mən bunu Prezident Trampa dəfələrlə demişəm. Hesab edirəm ki, Putin müharibənin başa çatmasını, atəşkəsi və hər hansı danışıqları istəmir".

 

Mövzu ilə bağlı politoloq Oqtay Qasımov “İnformator.az”a açıqlamasında bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin son açıqlamaları həm təbliğat müstəvisində, həm də real siyasi proseslər baxımından diqqət çəkir:

 

"Onun sözlərində müəyyən dərəcədə həqiqət olsa da, açıqlamalar eyni zamanda informasiya müharibəsinin bir hissəsi kimi qiymətləndirilməlidir. Zelenski bildirib ki, Rusiya Prezidenti Vladimir Putin ABŞ və Ukraynanın mart ayında razılaşdırdığı bir aylıq atəşkəs təklifini qəbul etməyib və bu təklifi müxtəlif şərtlərlə əvəz edib. Bu, əslində gözlənilən idi. Çünki ABŞ nümayəndə heyəti, o cümlədən hazırkı prezident Donald Tramp danışıqların başlanğıcında Rusiya ilə bağlı xeyli yumşaq və güzəştli mövqe sərgiləmişdi. Bu isə Moskvaya əlavə siyasi manevr imkanı yaradılıb.

 

Putin ilkin olaraq 15 may tarixində görüş keçirməyi təklif etsə də, sonradan məlum olub ki, özü bu görüşə qatılmayacaq. Rusiya tərəfi açıqlayıb ki, İstanbula yalnız nümayəndə heyəti göndəriləcək. Putinin bu qərarını son anda dəyişməsi isə az ehtimal olunur.

 

Donald Tramp isə həmin tarixdə Orta Şərqdə olacağını bildirib. Lakin əgər Putin İstanbula gələrsə, o zaman Türkiyə, ABŞ, Rusiya və Ukrayna prezidentlərinin iştirakı ilə dördtərəfli bir zirvə görüşünün keçirilməsi mümkündür. Bununla belə, Putinin belə bir görüşdə iştirak edəcəyinə dair inam zəifdir.

 

Əsas fikir ayrılığı isə atəşkəsə yanaşmada özünü göstərir. Ukrayna qeyd-şərtsiz və dərhal bir aylıq atəşkəsin tətbiqini təklif edir və bildirir ki, danışıqlar yalnız bundan sonra mümkündür. Rusiya isə əksinə, əvvəlcə danışıqların aparılmasını, daha sonra isə atəşkəsin razılaşdırılmasını istəyir.

 

Putin müharibənin davam etdirilməsinin həm iqtisadi, həm də siyasi baxımdan çətinləşdiyini anlayır. Buna baxmayaraq, Rusiya hələ də bu savaşı uzatmaq üçün kifayət qədər resurslara malikdir. Böyük ehtimalla, Putin son ana qədər qarşı tərəfin iradəsini yoxlamağa çalışacaq".

 

Politoloq əlavə edib ki, bu mərhələdə Çinin rolu da diqqətçəkicidir:

 

"Bəzi ehtimallara görə, Putinin 15 mayda görüş keçirməklə bağlı təklifi Çin lideri ilə keçirdiyi görüşdən sonra formalaşıb. Hətta Çin Xarici İşlər Nazirliyi həmin görüşdən sonra verdiyi açıqlamada bir aylıq atəşkəsi dəstəklədiyini bəyan edib. Rusiyanın tərəddüd etməsinin əsas səbəbi isə irəli sürdüyü şərtlərlə əlaqədardır. Moskva tələb edir ki, atəşkəs dövründə Ukraynaya heç bir hərbi yardım göstərilməsin, səfərbərlik elan olunmasın və ordu birliklərinin yenidən qruplaşdırılması aparılmasın.

 

Zelenskinin açıqlamaları isə açıq şəkildə Ukraynanın milli maraqlarından çıxış edir. O, son aylarda ABŞ-lə münasibətlərdə yaşanan gərginlikdən sonra Vaşinqtonla eyni mövqedə davranmağa üstünlük verir. Zelenskinin son bəyanatları Putini beynəlxalq aləmdə çətin duruma salmaq və ABŞ-nin Rusiyaya qarşı yeni, daha sərt sanksiyalar tətbiq etməsinə nail olmaq məqsədi güdür.

 

ABŞ də açıq şəkildə bildirib ki, hazırda prosesin irəliləməsinə mane olan tərəf Rusiyadır. Əgər Moskva danışıqları ləngitməkdə davam edərsə, Vaşinqton vasitəçilikdən geri çəkilə bilər və bunun ardınca Rusiyaya qarşı yeni sanksiyalar paketi qəbul edilə bilər".

 

Aytən Ağazadə