"10 nəfərlə Braqanı əzib-keçən klub"-Orxan Sübhan

Bölmə: İdman › ,
Tarix: 11:45 01.08.2024

Ağdam təmsilçisi Bolqarıstanın "Ludoqorets" komandası ilə üz-üzə gələcək. 

 

Rəqiblə bağlı fikirlərini bölüşən idman jurnalisti Orxan Sübhan "10 nəfərlə Braqanı əzib-keçən Qarabağın növbəti qurbanı niyə Ludoqorets olmasın ki?!" deyib:

 

"Dinamo" - "Ludoqorets" oyununun son yarım saatını izləyə bildim. Son yarım saat "Dinamo" oynadı, "Ludoqorets" azarkeşlik elədi. Ancaq "Qarabağ"ın rəqibi "Ludoqorets" oldu. Daha doğrusu növbəti mərhələyə bolqarıstanlı futbolçular vəsiqə qazandılar. Bolqarıstanlı futbolçular deməyimə baxmayın, "Ludoqorets"in əsas heyətində meydana çıxan 11 futbolçudan cəmi 3-ü bolqarıstanlı idi. Legionerlərdən qurulan bir kollektivdir".

 

Müsahib "Qarabağ" - "Ludoqorets" matçından gözləntilərindən danışıb: 

 

13 ildir "Ludoqorets" Bolqarıstanda rəqib tanımır, çempion olur. Məncə bu nəticə Qarabağı qorxutmamalıdır, çünki Qurban Qurbanovun komandası indiyədək elə komandaları mübarizədən kənarlaşdırıb ki. 10 nəfərlə Braqanı əzib-keçən Qarabağın növbəti qurbanı niyə Ludoqorets olmasın ki?! Düzdür, Ludoqorets Linkoln deyil, hörmət olunası rəqibdir. Lakin yenə də, şəxsən mən hər iki oyunda "Qarabağ"dan sərfəli nəticə gözləyirəm".

 

Zəhra Həsənova