"Nəsiman Yaqublunun ən sevimli tələbəsi mən idim..." Tarixçi-alim xatirələrdə...

Bölmə: MEDİA › ,
Tarix: 07:42 27.08.2024

Xəbər verdiyimiz kimi, qəzaya düşərək vəfat edən tarixçi-professor, deputatlığa namizəd Nəsiman Yaqublu ilə ötən gün vida mərasimi keçirilib.

"İnformator.az" xəbər verir ki, mərhumun evində baş tutan mərasimdə yaxınları, ictimaiyyət nümayəndələri, həmkarları iştirak edib.

Nəsiman Yaqublunun vəfatını ən az yaxınları, həmkarları qədər professor və müəllimi olduğu Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin  tələbələri də dərin kədər və hüznlə qarşılayıb. Axı, bu dahi şəxsiyyəti bir daha auditoriyalarda görə bilməyəcəklər...

Nəsiman müəllimin və özünün də dediyi kimi, professorun ən sevimli tələbəsi olan Ataməli Əliyevin sözlərinə görə, o, təkcə  Azərbaycan jurnalistikasının yox,  həm də Azərbaycan elminin dühası idi:

"Azərbaycan jurnalistikası yenə itirdi… Son illər bu cümləni tez-tez eşidirik. Anidən gələn xəbərdən sonra yenə bu cümləni istifadə etməli olduq. Bu dəfə Nəsiman müəllim üçün…
Nəsiman müəllimdən eşitdiyim hər məsləhət mənim üçün həyat dərsi idi. Onun mühazirələrini dinləmək, hər söhbəti, hər kəlməsi mənim üçün bir böyük bir ustad dərsi idi. 4 il əvvəl mən jurnalistika fakültəsinə gəldim və onun ən sevimli tələbələrindən birinə çevrildim. O, təkcə  Azərbaycan jurnalistikasının yox,  həm də Azərbaycan elminin dühası idi.  Müəllimin azərbaycan mətbuatının araşdırılmasına qoyduğu əmək danılmazdır. Nəsiman müəllimin yeri həmişə jurnalistika fakültəsində görünəcək. Şirməmməd müəllimdən sonra daha bir dahimizi itirdik.  Son illərdə fakültəmiz ağır itkilər verdi. Şirməmməd müəllim, Nəsir müəllim, Ayaz müəllim və Nəsiman müəllim… Biz onların irsini qorumalı və qoyduqları ənənəni davam etdirməliyik. Aldığımız xəbər çox ani və kədərli oldu. Allah rəhmət etsin, məkanı cənnət olsun"!

BDU-nun IV kurs tələbəsi Fatimə Məhərrəmli vurğulayır ki, Nəsiman müəllim onlara mühazirə dediyi müddətdə çox "nadinc" tələbələr olmalarına baxmayaraq, onun fikirlərini hamılıqla diqqətlə dinləyiblər:

"O, tarixi şəxsiyyətlər haqqında danışanda elə qürurla danışırdı ki, insan sanki Cümhuriyyət dövründə, onun bəhs etdiyi dövrdə yaşadığını hiss edirdi. Mənim fikrimcə, bəlkə də, yeganə insandır ki, öz dərsindən çox danışdıqlarına daha çox üstünlük verirdi. Biz onun dərsini pozsaq, onun əsəbləşmə səbəbi dərsin pozulması deyil, haqqında danışdığı şəxsiyyətlərlə bağlı fikrinin dinlənilməməsi idi. Bunun da əsas səbəbi Azərbaycan Cümhuriyyətini yaradanlar və tarixi şəxsiyyətlərimizə olan hörmətinin göstəricisi idi".

BDU-nun IV kurs tələbəsi Ayxan Abdullayev deyir ki, Nəsiman müəllim nəinki fakültənin, ümumiyyətlə universitetin öz ixtisasını yaxşı bilən müəllimlərindən biri idi:

"Bu, onun dərs keçmə metodlarında da, söylədiklərində də özünü göstərirdi. Tələbə kollektivi tərəfindən çox hörmətlə qarşılanırdı, çox sevilirdi. Həqiqətən, hörmət bəsləniləcək biri idi. Möhtəşəm tədqiqatçı olmaqla yanaşı, tələbələr arasında da hər zaman ədalətli olması ilə seçilirdi".

BDU-nun IV kurs tələbəsi Çinarə Muradova Nəsiman müəllimin ilk dərsindən elmə, savada, biliyə, Vətənə, xalqa, ən əsası isə Ana Dilimizə necə bağlı biri olduğunu sezdiyini söyləyir:

İkinci kurs idik... İlk dəfə Nəsiman müəllim bizlərə "Azərbaycan Mətbuat tarixi" fənnini tədris etmək üçün auditoriyaya daxil oldu. Əlində də bütün ömrünü həsr etmiş, xəzinə dəyərində olan kitabları...Nəsiman Yaqublunun Məhəmməd Əmin Rəsulzadəyə olan sevgisini yazmağa nə səhifələr, nə də ömür yetər.Onun üçün M.Ə.Rəsulzadənin məqalələri, yaradıcılığı, ideologiyası, ümumiyyətlə, Azərbaycan Xalq Cümhuriyyəti dövrü, bu dövrə aid olan hər bir şey çox başqa idi. Eynən Nəsiman müəllimin bizlər üçün başqa olması kimi...Hər zaman harasa tələsirdi, çox sərt, ciddi, daim fikirli görünürdü, amma o sərt görünüşün altında həssas, gözəl bir ürəyə, zəngin bir xarakterə malik bir insan var idi...Ədalətli idi, vicdanlı idi...Onun ədalət və vicdanının nə ölçüsü, nə ucu-bucağı var idi...Nizam-intizam onun bütöv həyatının bir parçasına çevirilmişdi...Heç bir dərsə gecikməzdi, heç bir dərsi boş buraxmazdı...Amma bu dəfə çox tələsdi, ölümə çox tələsdi...
‌Axı  biz hər dərs kitablar, qəzetlər gətirirək həvəslə tariximizin hər bir hissəsini tələbələrə izah edə Nəsiman müəllim üçün çox darıxacağıq...Bəs biz daha auditoriyada "biz dostuq, qardaşıq, amma inciməyin, bunları da bilmək lazımdır axı elə deyil?" cümlələrini eşitməyəcəyik?!...
‌Onun ən çox işlətdiyi cümlələr: "Ruhunuzu savadla, kitablarla qidalandırın. Bu tarixdir, bu faktdır, qardaş, bunu bilmək lazımdır" idi. Elə tez-tez işlətdiyi "tarix" sözü kimi bizim üçün dərin və dəyərlidir. O, öyrətdiklərilə, yazdıqlarıyla araşdırdığı mövzularla silinməz bir iz qoyub getdi...Heyif ki, onun bundan sonra yazacağı kitabları oxumaq əvəzinə, haqqında başqalarının yazılan xatirələri oxuyacağıq...Ruhunuz şad olsun, böyük insan"!...

BDU-nun IV kurs tələbəsi Həcər Əmiraslanlının fikrincə, hər bir dəqiqəsini tələbələrinə, onları öyrətməyə həsr edən Nəsiman müəllim,  sözün əsl mənasında əsl tələbə dostu idi:

"O gün olmazdı ki, Nəsiman müəllimin dərs keçdiyi hansısa mühazirə boş keçə. 10 dəqiqəlik işi çıxsa belə, mütləq onu kimsə əvəz etməli idi.
Hər mühazirə günü çatanda bizlərə təqdim etmək üçün Cumhuriyyət dövrü, Rəsulzadə irsinə həsr olunan müxtəlif kitab və qəzetlər gətirərdi. Dərsin yekunanda isə "Yoldaşlar, kitablar burdadır ha, kimlər istəyirsə, gəlib nəzər salsın" - deyərdi. Tələbələrinə qarşı ədalət prinsipini heç vaxt əldən verməzdi. Həmişə kolidorda onunla rastlaşanda harasa tələsdiyini görmüşəm. Çalışqan, öz üzərində çalışan tələbələri özünə dost bilən bir müəllim idi. Tələbələrinin öyrənmək istəyini gördükdə isə hər bir halda onlara mütləq dəstək olardı.

Nəsiman Yaqublunun "Şuşa Ziyalıları - Unudulmuş İrs" kitabı isə Həcər Əmiraslanlı üçün ondan qalan əbədi xatirəyə çevrilib...

"Auditoriyalardan bir daha səsi-sorağı gəlməyəcək, gözümüz daim fakültədə onu axtaracaq. Nəsiman müəllim cismən aramızda olmasa da daim qəlbimizdə, xatirələrimizdə, yaddaşımızda sonsuz yerə sahib olacaq. Nəsiman müəllimin irsini yaşatmaq üçün çox çalışmalı, ona layiq olmalıyıq. Çünki o həmişə bizə araşdırmalar aparmağı, daim öz üzərimizdə çalışmağı tövsiyə edərdi.

Ruhunuz şad olsun, əziz müəllimim"!-,deyə Həcər Əmiraslanlı fikrini tamamlayıb.

Aynur Babayeva