BDU və ARB 24-ün birgə layihəsi olan "News Lab"ın 3-cü təlimi yekunlaşıb
Bölmə: MEDİA › ,Tarix: 21:02 01.11.2024
Bakı Dövlət Universiteti (BDU) ilə ARB 24 televiziyasının birgə layihəsi olan “News Lab“ın 3-cü təlim proqramı uğurla yekunlaşdı.
"İnformator.az" xəbər verir ki, layihəni müvəffəqiyyətlə başa vuran iştirakçılara sertifikatlar təqdim edildi. Onlar həm də ARB 24-ün əməkdaşları sıralarına qoşulmaq şansı qazandılar.
BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Zivəroğlu 3 ildir ki, bu proqramın həyata keçirildiyini bildirdi:
"Bu proqramın həyata keçirilməsində başlıca məqsəd Jurnalistika fakültəsinin tələbələrinin müəyyən ARB 24 tərəfindən təşkil olunmuş təlimlərə cəlb edilməsi və təlimləri müvəfəqiyyətlərlə başa vurmuş tələbələrimiz işlə təmin etməkdir. 1-ci, 2-ci yəni proqramın ilk gediş mərhələsi gdişatı zamanı bizim 10-dan yuxarı tələbəmiz işlə təmin olunub. Tələbələr arasında çox rəğbətlə qarşılanır. Mən inanıram ki, tezliklə biz onun 4-cü mərhələsinə start verəcəyik".
Jurnalistika təhsilinə Flaqman Universitet kimi ilk dəfə məhz BDU-da başlanılıb. Peşəkar kadr hazırlığı sistemində bu ali təhsil ocağının rolu əvəzsizdir. 1969 - cu ildən Jurnalistika şöbəsi fakültəyə çevrilib və bu il 55 illiyini qeyd edir.
ARB 24 TV-nin direktorunun müşaviri Aynur Nəsirovanın sözlərinə görə, sözügedən təlim ARB 24 yarandığı gündən etibarən BDU-nun Jurnalistka fakültəsinin bazasında yaranıb:
"Yəni biz qeyri-rəsmi şəkildə “News Lab“ təlimini həyata keçirirdik. Bütün tələbələri gətirirdik, öyrədirdik və işlə təmin edirdik. Bəlkə də bu ondan irəli gəlir ki, burda işçi qüvvəsi BDU-nun Jurnalistika fakültəsinin yetirmələri olub. Biz bu şəraiti uşaqlar üçün yaratdıq. Və ona görə də sonrakı mərhələ də belə qərara gəldik ki, artıq qeyri-rəsmi şəkildə olan belə bir layihəni rəsmiləşdirək".
“News Lab“ layihəsinin iştirakçıları 2 ay nəzəri, 3 ay praktiki olmaqla 5 ay təlim keçiblər. Onlar xəbərin yazılma qaydalarına, standup-un tələblərinə və diksiya dərslərinə yiyələniblər. Daha sonra bu biliklərini çəkiliş meydançalarında, hadisə yerində tətbiq ediblər.
“News Lab“ layihəsinin iştirakçısı Rahim Nəzərov layihə ilə bağlı öz təəsüratlarını bölüşdü:
"ARB 24 kanalının BDU-nun Jurnalistika fakültəsi ilə birgə həyata keçirdiyi “News Lab “ layihəsinin iştirakçılarından biriyəm. Layihə çərçivəsində mən və mənimlə birgə buraya üzv olan dostlarıma studiya verlişlərinin aparıcılığı simuliyasiyalar həyata keçirildi. Eyni zamanda xəbər dili, efir dili öyrədildi. Bununla yanaşı montaj biliklərimizi də inkişaf etdirdik. Hazırda mən və digər yoldaşlarımla birlikdə burada öz işimizi davam etdiririk".
“News Lab“ layihəsinin digər iştirakçısı Türkanə Əliyeva isə bu təlim vasitəsilə ilk iş yerini tapdığını söylədi:
"Əslində Universitetdə bizə jurnalistikanı nəzəri baxımdan öyrədirlər. Sadəcə biz praktiki baxımdan Universitetdə biliklərə yiyələnə bilmədik. Ancaq “News Lab“ bizə o şəraiti yaratdı. Biz burda Jurnalistikanın "mətbəxi"ni gördük".
Layihənin əsas üstünlüklərindən biri təkcə Jurnalistika ixtisası üzrə deyil, digər ixtisaslardan da tələbələrin seçilməsidir. Təlimə universitetin 4-cü kurs tələbələri ilə yanaşı, magistratura pilləsində oxuyanlar da qoşula bilərlər.