Çağımızın təhlükəsi: Dünya elektron tullantılarla dolu zibilliyə çevrilə bilər

Bölmə: Dünya › ,
Tarix: 21:28 08.11.2024

Süni intellekt texnologiyalarının sürətli inkişafı e-tullantıların yeni dalğasına səbəb ola bilər. Araşdırmalara görə, Süni İntellektin yaratdığı elektron tullantılar 2030-cu ilə qədər milyonlarla tona çata bilər və alimlər bunun ekoloji davamlılığa ciddi təhlükə yarada biləcəyini bildiriblər.

 

Süni intellekt tətbiqləri insana bənzər söhbətlər, məzmun istehsalı və vizual dizayn kimi qabiliyyətləri sürətlə inkişaf etdirərkən, bu texnologiyaların ətraf mühitə mənfi təsirləri nəzərə alınmır.

 

Çin Elmlər Akademiyasının tədqiqatçıları bildirirlər ki, məhsuldar süni intellekt sistemlərinin inkişafı nəticəsində yaranan elektron tullantılar artmaqdadır və bu, qlobal miqyasda ciddi problemə çevrilə bilər.

 

Araşdırmalar göstərir ki, böyük dil modellərinin sürətli inkişafı və bu modellərin daim yenilənməsi getdikcə daha çox aparat və çiplərə ehtiyac yaradır.

 

Bu, hər il milyardlarla ton elektron tullantıların yaranmasına gətirib çıxarda bilər.

 

Araşdırmalara görə, 2030-cu ilə qədər süni intellektin yaratdığı elektron tullantıların miqdarı hər il 2,5 milyon tona çata bilər.

 

Elektron tullantıların ümumi miqdarının 2030-cu ilə qədər 30 faiz artaraq 82 milyon tona çatacağı gözlənilir. Tədqiqatçılar bu artımın mənfi təsirlərini azaltmaq üçün dairəvi iqtisadiyyat strategiyalarının vacibliyinə diqqət çəkirlər. Bu strategiyalarla süni intellekt tərəfindən yaradılan e-tullantıları 86%-ə qədər azaltmaq olar.

Mövcud infrastrukturun ömrünün uzadılması və komponentlərin təkrar istifadəsi kimi strategiyalar Süni İntellektin yaratdığı elektron tullantıların azaldılmasında böyük əhəmiyyət kəsb edir.

 

Nature Computational Science jurnalında dərc olunan bu araşdırma, dairəvi iqtisadiyyat təcrübələrinin ətraf mühitin davamlılığı üçün kritik olduğunu vurğulayır.

 

Mənbə:NTV HABER

Elnurə Kərimova