Taliban nümayəndələri Bakıda - Əfqanıstanla münasibətdə hansı dəyişikliklər gözlənilir?

Bölmə: Siyasət › ,
Tarix: 19:44 12.11.2024

Əfqanıstan Xarici İşlər Nazirliyinin mətbuat katibi Əbdül Qahar Bəlxi deyib ki, Taliban nümayəndə heyəti ilk dəfə Bakıda keçiriləcək BMT-nin COP29 iqlim konfransında iştirak edəcək.

 

 

Bəs COP29-un gözlənilməz qonağı Talibanı Bakıya gətirən səbəblər nələrdir?

 

Bu barədə politoloq Natiq Miri "İnformator.az"a açıqlamasında qeyd edib ki, Əfqanıstan bir çox ölkələr üçün riskli və terror qruplarının fəaliyyət göstərdiyi ölkə kimi görülsə də, Azərbaycan üçün mühüm strateji əhəmiyyətli bir ölkədir:

 

"Qeyd etmək lazımdır ki, Əfqanıstan Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 21-də ilk tanıyan dövlətlərdəndir.

Hakimiyyətdə kimlərinsə xoşuna gəlməyən rejim varsa, bu, ona əsas vermir ki, insanlığın gələcəyi ilə bağlı olan bir toplantıya Əfqanıstan rəsmiləri dəvət olunmasın. Biz istəsək də, istəməsək də Əfqanıstanda hakim rejim Talibandır. Ona görə də, Talibana terrorçu ünsür kimi yanaşmaq doğru deyil. Əgər biz işğalçı Ermənistanı dəvət ediriksə, Əfqanıstanı da dəvət etməliyik. Dünya ölkələrindən biridir, eynilə Pakistanın qonşusudur və müsəlman toplumdur.

Taliban Əfqanıstanda real qüvvədir və bu qüvvəni tanımamaqdansa, milli və regional maraqlar əsas alınaraq əməkdaşlığa başlamaq mühümdür".

 

Politoloqun sözlərinə görə, Taliban nümayəndələrinin Bakıya gəlməsi iki ölkə münasibətlərində yaranan soyuqluğun aradan qalxmasına və tərəflərin bir-birini daha yaxşı tanımasına imkan yaradacaq:

 

"Ola bilər ki, Taliban rejimi qlobal səviyyədə tanınmasın, ancaq bu o demək deyil ki, milyonlarla əhalini izolyasiya edib qlobal səviyyədə keçirilən konfransa dəvət etməyək".

 

Zəhra Məmmədova