Maddi problemlər gənclərin inkişafını məhdudlaşdırır !-Sosioloqdan ETİRAZ

Bölmə: Sosial › ,
Tarix: 20:26 05.12.2024

Bir çox gəncin özünü inkişaf etdirmək istəyi və potensialı var. Onlar məşq etmək, xarici dil öyrənmək və hobbilərinə vaxt ayırmaq istəyirlər. Lakin bəzən maddi çatışmazlıq buna mane olur və bu, tənbəllik kimi başa düşülür. Xüsusilə tələbələr, boş vaxtlarında işləyərək maddi ehtiyaclarını qarşılamaq məcburiyyətində qalırlar. Bu isə onların inkişafını xeyli yavaşladır və həyatda uğur qazanmaq potensialını azaldır.

Mövzu ilə bağlı sosial məsələlər üzrə ekspert sosioloq Elçin Bayramlı “İnformator.az”a açıqlamasında bildirib ki, bu gün Azərbaycanda gənclərin həm fiziki, həm yaradıcılıq, həm də təhsil baxımından özlərini inkişaf etdirməsi üçün imkanlar və münbit şərait demək olar ki, yox səviyyəsindədir:

"Bu hallar gənclərin asudə vaxtlarını səmərəsiz keçirmələrinə və öz gələcəkləri üçün bir şeylər etmə, inkişafa yönəlmə imkanlarını azaldır. Əvvəllər bu mövzuda işlər çox yaxşı təşkil olunurdu. Uşaq və gənclər üçün xüsusi dövlət siyasəti mövcud idi. Çox sayda ödənişsiz idman mərkəzləri, yaradıcılıq mərkəzləri, dərnəklər və sosial layihələr təşkil olunurdu. Bu, uşaq və gəncləri sosial həyata daha çox bağlayır, onların yaradıcılıqlarını inkişaf etdirməyə, əlavə bacarıqlar qazanmalarına şərait yaradırdı. Həmin dövrdə həm də zəhmətkeşlik təbliğ olunur, əmək bacarıqları artırılır və gənclər daha səmərəli istiqamətlərə yönləndirilirdi. Belə olmadıqda isə bir çox gənclər zərərli vərdişlərə meyil edirlər. Narkomaniya, kriminal hadisələr və radikal dini cərəyanların üzvlüyü bunun açıq sübutudur. Belə halların qarşısını almaq üçün müvafiq dövlət proqramları olmalıdır. Bu gün Azərbaycanda gənclərin belə fəaliyyətlərə cəlb olunması üçün şərait ya məhduddur, ya da maddiyyat tələb edir. Yəni, mövcud imkanların çoxu ödənişlidir. Belə olduğu halda gənclərin əksəriyyəti boş qalır və asudə vaxtlarını səmərəli keçirmək əvəzinə çayxanalarda və onların olmamalı olduğu yerlərdə vaxtlarını itirirlər”.

Ekspert bu sahədə dövlətin mühüm rolunun olduğunu vurğulayıb:

“Dövlət bu məsələdə xüsusi tədbirlər görməlidir. Gənclərin inkişafı maddiyyatdan asılı olmamalıdır. Onlar üçün ödənişsiz idman kursları, əmək kursları təşkil edilməli, kitab oxumaq vərdişlərini artırmaq məqsədilə yarışlar keçirilməli, həmçinin hərbi-vətənpərvərlik tədbirləri təşkil olunmalıdır ki, gənclərimiz öz asudə vaxtlarını inkişaf etdirici və faydalı məşğuliyyətlərlə keçirsinlər. Beləliklə, onlar gələcək həyatlarını daha yaxşı qura bilmək şansı əldə edəcəklər.
Bu sahədə ciddi problemlər mövcuddur və əgər dövlət tərəfindən lazımi işlər görülməsə, heç bir qurum və ya fərd bu məsələdə maraqlı olmayacaq. Nə şirkətlər, nə valideynlər, nə də gənclər özləri bu sahədə yetərli tədbirlər görə bilməyəcəklər.
Nəticə etibarilə, problemin aradan qaldırılması üçün dövlət tərəfindən əməli tədbirlər görülməlidir. Dövlət xüsusi gənclər və uşaq təşkilatları yaradaraq onların inkişaf ehtiyaclarını təmin etməli və onlara dəstək olmalıdır”, - deyə o, fikirlərini yekunlaşdırıb.

Mahmud Əskərli