Geosiyasi əməkdaşlıq və silahlanma yarışı-ŞƏRH

Tarix: 17:40 16.04.2025
Dünya beynəlxalq münasibətlər sisteminin təlatümlü dövründən keçir. Qlobal təhlükəsizlik balansı dəyişməkdədir, regional güclər mövqelərini möhkəmləndirməyə çalışır. Belə bir şəraitdə silahlanma yarışının intensivləşməsi, ölkələr arasında hərbi-siyasi tərəfdaşlıqların ön plana çıxması təsadüfi deyil. Xüsusilə Rusiya və Hindistan arasında son dövrlərdə müşahidə olunan yaxınlaşma bu mənzərənin diqqətçəkən nümunələrindəndir. Bu əməkdaşlıq təkcə ikitərəfli münasibətlərin gücləndirilməsi deyil, həm də hər iki ölkənin strateji maraqlarını təmin etməyə yönəlmiş ciddi bir geosiyasi addım kimi qiymətləndirilə bilər.
Rusiya və Hindistan münasibətlərini “İnformator.az”a şərh edən siyasi şərhçi Kənan Novruzov bildirib ki, dünyada ciddi siyasi kataklizmlərin baş verdiyi bir vaxtda, bütün dünyada silahlanma yarışı gedir:
“Hindistan və Rusiya arasında əlaqələrin güclənməsi həm mümkün, həm də gözləniləndir. Xüsusilə nəzərə almaq lazımdır ki, hazırda Rusiyanın tərəfdaşlarının sayı o qədər də çox deyil. Hətta Rusiya əvvəllər yaxşı münasibətdə olduğu bəzi ölkələri belə itirməkdədir. Az sayda tərəfdaşı qalıb və onlardan biri də Hindistandır”.
Siyasi şərhçi bildirib ki, Hindistanın Rusiyaya bu güzəşti etməsi onu göstərir ki, Rusiyanın silah-sursata və hərbi texnikaya ciddi ehtiyacı var:
“Eyni zamanda bu, Hindistanın da Rusiyanı tərəfdaş kimi itirmək istəmədiyini göstərir. Tərəflər müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edirlər və bir-birinin maraqlarını nəzərə alaraq addım atırlar. Belə bir qərarın verilməsi təkcə Rusiyanın deyil, həm də Hindistanın maraqlarına xidmət edir. Bu addım onu deməyə əsas verir ki, Rusiya yaxın perspektivdə öz aqressiv siyasətindən əl çəkməyəcək. Amma bu, elə başa düşülməməlidir ki, Rusiya tamamilə müharibəyə köklənmiş bir oyunçudur. Əksinə, Rusiya hazırda mövcud çatışmazlıqlarını aradan qaldırmağa çalışır”.
Vüqar Alışov