"Tələbələrə maliyyə dəstəyi göstərilsin"
Bölmə: Sosial › ,Tarix: 12:35 16.12.2024
Azərbaycanda tələbələrin maliyyə vəziyyəti, təhsil və yaşayış xərcləri daim müzakirə olunan mövzulardandır. Gənclərin təhsil almaqla yanaşı, gündəlik ehtiyaclarını qarşılamaq üçün hansı resurslara sahib olması və maaşlarının kifayət edib-etməməsi aktual bir məsələdir. Təhsilin keyfiyyəti və tələbələrin sosial rifahı arasında birbaşa əlaqənin olduğu da məlumdur.
Mövzu ilə bağlı sosial məsələlər üzrə ekspert, sosioloq Üzeyir Şəfiyev İnformator.az-a açıqlamasında tələbələrin təminatı məsələsinin, yəni onların oxumaq üçün şəraitinin olması ilə təhsilin keyfiyyəti arasında birbaşa əlaqə olduğunu vurğulayıb:
“Bunun üçün universitetlərdə ilk növbədə tələbə yataqxanaları olmalıdır ki, tələbələr həmin yataqxana mühitində yaşasınlar. Bu həm də onların büdcəsinə müsbət təsir göstərəcək. Çünki tələbələr yataqxanalar olmadığı üçün çox hallarda kirayədə qalır və bu, kirayə haqlarının yüksək olmasına görə tələbələrin maddi imkanlarına uyğun gəlmir. Belə hallarda tələbələr məcbur olub müəyyən işlərdə işləyir, eyni zamanda oxuyurlar. Bu isə onların təhsilə ayırmalı olduğu vaxta mənfi təsir göstərir. Buna görə də yaxşı olardı ki, universitetlərin tələbə yataqxanası təminatı məsələsi həll olunsun”.
Ekspert tələbələrin təhsilinin mükəmməl olması üçün məsuliyyətin yalnız dövlətin üzərinə düşmədiyini, bunun həm də bütün xalqın vəzifəsi olduğunu qeyd edib:
“Tələbələr təhsil göstəricilərinə görə təqaüdlə təmin olunur. Ancaq çox yaxşı olardı ki, imkanlı insanlar və sahibkarlar sosial dəstək layihələri çərçivəsində aztəminatlı tələbələrə maliyyə dəstəyi göstərsinlər. Azərbaycanda bu ənənə həmişə olub və yaşamalıdır. Tələbələrin təhsili ilə bağlı təminat yalnız dövlət deyil, həm də sosial təşəbbüslər vasitəsilə həll edilməlidir. Müəssisələr də buna töhfə verə bilərlər. Belə ki, müəssisələr öz kadr ehtiyaclarına uyğun olaraq universitetlərlə müqavilə bağlayaraq, həmin sahə üzrə oxuyan tələbələrə dəstək verə və təhsilini başa vuran tələbələri işlə təmin edə bilərlər”.
Ekspert, həmçinin tələbə kreditləri ilə bağlı mövcud mexanizmlərin sadələşdirilməsini və bu kreditlərdən daha geniş kateqoriyadakı tələbələrin istifadə edə bilməsi üçün addımlar atılmasının vacibliyini vurğulayıb.
Mahmud Əskərli