“Qara Qu quşu” daxili ziddiyyətin müdhiş silueti-Resenziya

Bölmə: Sosial › ,
Tarix: 11:37 23.05.2025

Qaranlıq səhnədə musiqi ilə bütünləşən bədən və ruhun səssiz harayı… Darren Aronofskinin 2010-cu ildə ekranlara çıxardığı “Black Swan” (Qara Qu quşu) filmi insanın “daxili mən” savaşı, obsessiv pozuntu, mükəmməllik kimi ütopik düşüncə arasında sərhədin bənzərsiz portretidir. Estetik gözəlliklə yoğrulan daxili deformasiyanın “Alter ego” ziddiyyəti – bütün bu ünsürlər filmə triller kimi baxmağa imkan versə də, mahiyyətində o, insan ruhunun iztirab poetikasını daşıyır.

Nina Sayers – anasının basqıları altında böyüyən, mükəmməll olma arzusu ilə çırpınan, sirli alaqaranlıqda sənətinə dərindən bağlı balerinadır. “Qu gölü” baletində həm Ağ Qu quşunu, həm də Qara Qu quşunu canlandırmaq missiyası ona tapşırıldıqda, Nina daxilində ikili mübarizənin başladığını hiss edir. Ağ Qu – onun saf, təmiz və qüsursuz tərəfinin təcəssümüdürsə, Qara Qu – vəhşi, sərt, cəzbedici yönünü simvolizə edir. Bu qarşıdurma yalnız səhnədə deyil, Nina-nın daxilində, düşüncələrində və ruhunda cərəyan edir. Hadisələrin davamında o, həm rəfiqəsi, həm rəqibi, həm də şüuraltı qorxularının vücud tapan bədəni kimi təsvir olunan Lili ilə üzləşir. Dolanbaclı düşüncə çənbərində yuvarlanan Nina finalda Qara Quya çevrildiyi an mükəmməlliyə çatdığını etiraf edir və əbədi sükuta qərq olur.

Obrazlar: Bir bədəndə iki ruh

Nina obrazı – Natalie Portmanın unikal səs və nitq dueti, jest və mimikalarının təkrarsız harmoniyası, balerina kimi rəqs hərəkətlərinin rotasiyası onun peşəkarlığının sübutudur. Susqun baxışlarının səssizliyində gizlənən cümlələri, duyğularla ifadə edən Portman mənəvi çöküntü hissini ustalıqla yaşaya bilib. İnsan ruhunun dərinliklərinə, mürəkkəb və qaranlıq tərəflərinə enmək, zehni gərginlik və psixoloji konflikt dəryasında boğulan obrazın duyğularını məharətlə təqdim etmək “Lokomotiv” səhnə oyununun təzahürüdür. Canlandırdığı obrazı bütünlüklə mənimsəmək bu olsa gərək!

Anası Erica – Ninanın üzərində hökmranlıq edən, onu emosional olaraq infantil saxlayan, keçmişin peşmanlığını onun üzərində kompensasiya edən bir obrazdır. Nina-nın azadlıq ideyaları və şəxsi inkişafı qarşısında başlıca əngəldir. Bu obraz təkcə valideyn nəzarətinin simvolu deyil, həm də itirilmiş gəncliyinin əvəzini övladından çıxarmağa çalışan nəslin ifadəsidir.

Lili-Mila Kunis-in həyat verdiyi bu obraz isə sərbəst, dominant, qaranlıq tərəfin təmsilçisi və Nina-nın azadlıq xülyalarının “İkonasıdır”. Onun varlığı reallıqla gerçəklik arasındakı sərhədi pozur və tamaşaçını da bu sərhədsizliyin içində çaşqınlığa qərq edir. Əslində Lili obrazı real olub-olmamasından asılı olmayaraq, Nina-nın dəyişməyə qorxduğu tərəfinin psixoloji proyeksiyası kimi çıxış edir.

Tomas (Vincent Cassel) – Patriarxal stereotiplərin bariz modeli, etik sərhədləri aşmaqdan çəkinməyən balet truppasının rəhbəri və xoreoqraf. O, balerinanın sənətkarlığını stimullaşdırmaq üçün can atır. Təfəkküründə mənəvi və emosional körpüləri dağıdan bu obraz, sərt və manipulyativ davranışları ilə ziddiyyətli obraz kimi yadda qalır. Bir tərəfdən peşəkar truppa rəhbəri, Nina-nın sənət aşiqinə çevirən, digər tərəfdən Nina-nın öz qaranlıq tərəflərini kəşf etməsinə səbəb olan, onu ruhən uçuruma aparan şəxsdir.

Qaranlığın əsrarəngiz estetikası

Darren Aronofski dram, psixoloji triller və bədii fantaziya janrlarını bir filmdə ərsəyə gətirməyi bacarıb. Clint Mansell-in bəstələdiyi musiqi isə filmə gərgin ruh, təkrarlanan duyğu dəyişimi qatır. O, Pyotr Çaykovskinin “Qu gölü” musiqisini müasir aranjimanda işləyərək, klassika və vahiməli səsin mükəmməl tandemini yaradıb.Tamaşaçını duyğu selində üzdürən akustika,  filmin boğucu ab-havasında təşəkkül tapan tünd rəng seçimləri, izləyiciləri bu qaranlıq dünyanın içinə daxil olmağa təşviq edir. Daxili mübarizənin şiddəti ekrandan süzülür.

Beləliklə, istedadlı rejissor, peşəkar aktyorlar - bu simbiozdan gözəl nə ola bilər? Dramatik səhnələrin karusel kimi biri-birini izlədiyi “Qara qu quşu” izləyicini ovsunlayaraq illüziyasının sehrində mürgülədir. Film insanı realizm və sürrealizm astanasında təsirli hekayəyə qərq edir.


Murad Nəcəfov