“Erasmus” proqramı və onun üstünlükləri….-Ekspert AÇIQLAYIR

Tarix: 23:21 23.12.2024
Günümüzdə gənclərin çoxu xaricdə təhsil almaq və orada yaşamaq istəyir. Bunun üçün tələbə mübadilə proqramları var. Onlardan biri də "Erasmus" proqramıdır.
Bu proqramın üstünlükləri nələrdir?
Bu barədə təhsil ekspeti Rizvan Fikrətoğlu “informator.az” a açıqlamasında bildirib ki ,“Erasmus” 1987-ci ildə Avropa Birliyinin yaratdığı ən məşhur tələbə mübadilə proqramıdır:
“Proqram əsasən universitetlər arasında əməkdaşlıq çərçivəsində maliyyələşdirilir. Bu, bakalavriat, magistratura və təhsilinin növbəti pillələrini davam etdirmək istəyən tələbələr, eləcə də, xaricdə yaşamaq istəyən şəxslər, müəllimlər və karyeralarında yüksəlmək üçün müxtəlif təcrübə proqramlarda iştirak etmək istəyən gəncləri özündə birləşdirən möhtəşəm sistemdir. Proqram çərvisində tələbələrin uçuş biletlərinin məbləği qarşılanır və aylıq yaşam xərclərinin qarşılanması üçün tələbələrə hər ay 850 EURO təqaüd verilir”.
Ekspert “Erasmus” proqramının növlərindən də danışıb:
“ “Erasmus mübadilə”, “Erasmus mundus”, “Erasmus təcrübə” olmaqla proqramın 3 növü var. “Erasmus mübadilə” bakalavriat, magistratura və doktorantura təhsili almaq istəyən gənclər üçün nəzərdə tutulub. Proqram vastiləsi ilə tələbələrə müxtəlif ölkə və universitetlərə müraciət etməklə hər təhsil səviyyəsi üzrə bir və ya bəzən iki smestr təhsil almaq şansı verilir. “Erasmus mundus” magistratura və doktorantura səviyyəsi üzrə təhsil almaq istəyən tələbələr, akademik fəaliyyətlə məşğul olmaq istəyən şəxslər üçün nəzərdə tutulub. “Erasmus təcrübə” isə Avropanın müxtəlif ölkələrindəki nüfuzlu şirkətlərdə karyera inkişafı üçün təcrübə keçmək, prestijli universitelərində müxtəlif təlim və seminarlarda iştirak etmək imkanı yaradır. Təcrübə proqramları həm ödənişli, həm də ödənişsiz ola bilir”.
Ekapert “Erasmus” proqramının üstünlüyündən də söz açıb:
“Üstünlüyü odur ki, bu proqram vasitəsilə Avropanın 36 fərqli ölkəsində və 1000-dən çox TOP universitetlərində təhsil ala və xarici təcrübə əldə etmək mümkündür. Bununla, bilik və bacarıqlarınızı artıra, dil bilikləriniz inkişaf etdirə, fərqli mədəniyyətlərlə tanış ola, fərqli ölkədən dostluqlar qazana bilərsiniz. Bu proqram sizin karyeranıza yeni imkanlar qatır. Hər il təxminən 100 azərbaycanlı bu proqrama müraciət edir. 2014-cü ildən etibarən isə “Erasmus+” proqramı ilə yüzlərlə gənc təhsil, təlim və idman sahələrini əhatə edən təlim və seminarlarda, təcrübə proqramlarında iştirak edib”.
Ekspert “Erasmus” proqramına necə müraciət qaydasını da izah edib:
“Proqrama müraciət qaydasına gəldikdə, tələbənin təhsil aldığı universitetlə “Erasmus” proqramı arasında əməkdaşlıq olmalıdır. Azərbaycanın bütün universitetləri təəssüf ki, bu proqramla əməkdaşlıq etmir. Bakalavriat səviyyəsi üzrə müraciət üçün şəxs II və III kursların ilk yarımilində, magistratura səviyyəsi üzrə isə I kusrda təhsil almalıdırlar. Seçilən təhsil sahəsi isə tələbənin təhsil aldığı ixtisas ilə əlaqəli olmalıdır. Tələbənin universitet ortalama balı (GPA) 75% olmalı və eləcə də, tələbənin ingilis dil biliklərinin yaxşı olmasını təsdiqləyən İELTS, TOEFL sertifikatı olmalıdır. Bundan başqa, təhsil aldığı müddət ərzində tələbənin universitetin verdiyi töhmət və ya cəzası olmamalıdır. Bu tələblərlə yanaşı, Avropanın bəzi universitet və ixtisaslarından asılı olaraq motivasiya və tövsiyə məktubu da tələb oluna bilər”.
Kəmalə Vəliyeva