“İşğal Altındakı Torpaqların Azad Edilməsi Atamın Ruhuna Hədiyyədir”-Şamil Mehdi

Bölmə: MEDİA › ,
Tarix: 17:43 24.12.2024

Azərbaycanın görkəmli ziyalısı, Bakı Dövlət Universitetinin professoru Famil Mehdinin oğlu Şamil Mehdi “İnformator.az”a açıqlamasında işğaldan azad edilmiş torpaqların ailəsi və atasının xatirəsi üçün xüsusi əhəmiyyətindən bəhs edib. O, Ağdamın azad edilməsinin yaratdığı qürur hissini və bu tarixi hadisənin ailələri üçün mənəvi təsirini vurğulayıb.

 

Şamil Mehdi atasının Qarabağ uğrunda daim mübarizə apardığını bildirərək, işğaldan azad edilmiş ərazilərin onun ruhuna rahatlıq gətirdiyini qeyd edib:

 

“Yalnız Ağdamın yox, işğal altında olan bütün torpaqlarımızın, o cümlədən həmin ərazilərdəki kəndlərin azad olunması atamın ruhuna rahatlıq gətirdi. Şuşa, Zəngilan, Qubadlı, Laçın və digər ərazilərimizin azad olunması ilə ruhu şad oldu. Amma ən böyük sevincimiz odur ki, Azərbaycan bu gün tam suveren bir dövlət kimi ərazilərinə nəzarət edir və bu, ölkəmizin inkişafı üçün yeni bir mərhələnin başlanğıcıdır”.

 

“Ağdam torpağının atamın qəbrinə səpilməsi unudulmaz bir an idi”.

 

Ağdamın işğaldan azad edilməsinin ailəsi üçün xüsusi mənəvi əhəmiyyət daşıdığını vurğulayan Şamil Mehdi, qohumlarının müqəddəs Ağdam torpağını atasının məzarına gətirdiklərini bildirib:

 

“Ağdam azad edildikdən sonra ora gedən qohumlarımız o müqəddəs torpaqdan bir az gətiriblər və həmin torpaq atamın qəbrinin üzərinə səpilib. Bu, həm böyük bir hüzn, həm də qürur dolu bir an idi. Bu addım, atamın ruhuna çatdırılmış bir hədiyyə kimi idi”.


Şamil Mehdi həmçinin Ağdamın bərpasında atası Famil Mehdinin irsindən ilhamlanan təşəbbüslərin həyata keçirilməsi ilə bağlı düşüncələrini bölüşüb:

 

“Bərpa işləri tamamilə dövlətin nəzarətindədir. Hökumət bu məsələlərlə məşğuldur və hələlik bu istiqamətdə hər hansı təşəbbüs göstərmək mümkün deyil. Lakin ümid edirəm ki, professorun irsi gələcəkdə Ağdamın mədəni və elmi inkişafına töhfə verəcək”.

 

Bu sözlərlə Şamil Mehdi həm atasının irsinin Azərbaycan üçün əhəmiyyətini vurğulayıb, həm də Qarabağın azad edilməsinin onun ailəsi üçün yaratdığı qürur hissini bölüşüb.

 

Xanım Ağamalıyeva