Jurnalistika etikası: informasiyanın balanslı və qərəzsiz çatdırılması

Bölmə: MEDİA › ,
Tarix: 17:50 24.12.2024

"Jurnalistika etikası, cəmiyyətin doğru və etibarlı informasiya ilə təmin edilməsində əsas prinsiplərdən biridir".

 

Bu sözləri media eksperti Hacıbəy Heydərli "İnformator.az"a açıqlamasında deyib.


O bildirib ki, jurnalist etikası dedikdə biz ilk növbədə jurnalistikanın əsas prinsipləri: dəqiqlik, qərəzsizlik və obyektivliyi nəzərə almalıyıq:

 

"Bu prinsiplərdən başqa jurnalistika etikası qarşı tərəflərin mövqeyini almaq, hansısa bir xəbəri yayımlayarkən mütləq obyektivliyi qorumaq, şəxsi hissləri kənara qoymaq və məsələyə qərəzsiz yanaşmaqdan ibarətdir. Təəsüflər olsun ki, biz son zamanlarda sosial şəbəkələrdə jurnalistika etikasının pozulmasının bəzi hallarda şahidi oluruq və təbii ki, jurnalistika etikası istisnasız olaraq hər bir media subyektinə, jurnalistə şamil olunur, həmçinin bunlar jurnalistikanın ən ali prinsiplərindən biri kimi hesab olunur".

 

Ekspertin sözlərinə görə, balanslı və qərəzsiz informasiya çatdırmaq cəmiyyət üçün ona görə vacibdir ki, cəmiyyət hansısa bir məlumat, hadisə haqqında dolğun məlumat əldə edə bilsin. Bu baxımdan təbii ki, media savadlılığı da önəmlidir ki, cəmiyyətimizdə məhz media savadlılığına yiyələndikdən sonra kimin jurnalist olub olmadığını və yaxud da hansı xəbər portalına güvənib güvənmədiyini özü üçün müəyyənləşdirə bilər. Və son dövrlər təbii ki, feyk xəbərlər və manipulyasiya ilə biz tez-tez rastlaşırıq, media subyektləri bu məsələlərdə çox diqqətli olmalıdır və feyk xəbərlərə yer verməməlidir, xüsusən də sosial şəbəkələrdə yayımlanan xəbərləri mütləq həqiqət kimi cəmiyyətə çatdırmamalıdırlar, eyni zamanda bilirik ki, bu dövrdə süni intellektin inkişafı ilə hansısa bir xəbəri manipulyasiya etmək və yaxud da videonun səs yazısını dəyişdirmək çox asan bir məsələyə çevrilib. Təbii ki, burda jurnalistin etikası, dürüstlüyü ortaya çıxır. Bu kimi halların qarşısını almaq üçün media təşkilatları və media subyektləri çox ciddi rol oynayırlar.

 

"Sevindirici haldır ki, biz Azərbaycanda son illər bu tipli xəbərlərin yayılmasının az şahidi oluruq, demək olar ki, çox azalıb. Bu da təbii ki, aparılan maarifləndirmə işləri, jurnalistlərin təlimlərə cəlb olunması, eyni zamanda medianın inkişafı agentliyinin nəticəsi olaraq qiymətləndirilə bilər".

 

Aydan Quliyeva