“Genişmiqyaslı bir münaqişə olacağına inanmıram”-POLİTOLOQ
Bölmə: Siyasət › ,Tarix: 18:09 29.12.2024
XİN-nin 2024-cü ilin yekunlarına dair mətbuat buraxılışında Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesində 2024-cü ildə olduğu kimi, növbəti ildə də milli maraqlarımıza uyğun olaraq, ardıcıl, qətiyyətli, prinsipial addımlar atılacağı vurğulanıb. İl ərzində danışıqların Azərbaycanın milli maraqlarına uyğun irəlilədiyi bildirilib.
Mövzu ilə bağlı ‘’informator.az’’a açıqlamasında politoloq Sultan Zahidov bildirib ki, 2025-ci ildə pozitiv məqamlar ola bilər və burada ilk növbədə Ermənistanın qətiyyəti, siyasi iradəsi vacibdir ki, Azərbaycanın sülh əlinə adekvat cavab versin və digər 2 maddənin razılaşdırılmasında da əməli tədbirlər görmüş olsun:
“Qeyd etmək lazımdır ki, 2024-cü ildə Azərbaycan-Ermənistan normallaşma prosesində müəyyən uğurlu addımlar baş verdi. İlk növbədə, aprel ayında iki ölkə arasında üçüncü tərəfin vasitəçiliyi olmadan əldə olunan razılaşmanı misal çəkə bilərik. Qeyd edək ki, həmin razılaşmaya görə Azərbaycan və Ermənistan arasındaki şərti sərhədin 7 km-dən bir qədər çox hissəsi delimitasiya olunmuş və eyni zamanda, Qazaxın 4 kəndi qeyd-şərtsiz Azərbaycana qaytarılıb. Digər tərəfdən, avqust ayında Azərbaycan və Ermənistan delimitasiya-demarkasiya komissiyalarının birgə razılaşması oldu və bu razılaşmanın nəticəsində birgə fəaliyyət haqqında əsasnamə qəbul edildi. Yəni bunlar sərhədlərin delimitasiyası sahəsində olan uğurlu addımlardır. Sülh prosesində 17 maddədən 15-nin razılaşdırılması ciddi bir irəliləyişdir. 2 maddə ətrafında narazılıqlar hələ də qalmaqdadır. Bu 2 maddə ətrafında 2025-ci ildə irəliləyiş olacaqsa, hətta sülh sazişi belə imzalana bilər. Yəni 2025-ci il o baxımda həlledici il ola bilər. Burada əsas Azərbaycanın Avropa Birliyinin müşahidə missiyasının sərhəddən çıxarılmasını tələb etməsidir ki, bu haqda təəssüf ki, müsbət bir şey deyə bilməyəcəyəm. Bəzi mənbələrə görə, Ermənistan 2 və ya 3 illik bu missiyanın mandatını artırmaq istəyir. Amma ümumi düşünürəm ki, 2025-ci ildə pozitiv məqamlar ola bilər və burada ilk növbədə Ermənistanın qətiyyəti, siyasi iradəsi vacibdir ki, Azərbaycanın sülh əlinə adekvat cavab versin və digər 2 maddənin razılaşdırılmasında da əməli tədbirlər görmüş olsun. Sözsüz ki, burada konstitusiya məsələsi var. Ermənistan konstitusiya dəyişikliyi ilə bağlı öhdəliklər götürməlidir. Çünki konstitusiyalarında ərazi iddiaları var. Digər tərəfdən, Ermənistanın millitarizasiyası ciddi bir təhdiddir və belə bir millitarizasiya olduğuna görə düşünürəm ki, Çexovun məşhur bir misalını yada salsaq, səhnənin birinci hissəsində divardan silah asılıbsa, səhnənin sonunda o silahdan istifadə olunacaq. Ermənistanın silahlanması şərti sərhəd zonasında təxribat törətməyinə vəsilə ola bilər və nəzərə alsaq ki, Ermənistanın arxasında Fransa kimi Cənubi Qafqazda özünün geosiyasi məqsədlərini reallaşdırmaq istəyən bir dövlət var, təxribatların baş verəcəyini biz istisna etməməliyik. Düzdür, mən genişmiqyaslı bir münaqişə olacağına inanmıram, amma şərti sərhəd zonasında kiçik miqyaslı təxribatlar həyata keçirilə bilər. İstənilən halda, Azərbaycan ordusu ermənilərin hər cür təxribatına hazırdır və onların Azərbaycana hansısa ciddi bir zərər vura biləcəyini düşünmürəm”.
Günel Verdiyeva