Nəsillərin tərbiyə olunduğu qələm-Nəsir Əhmədli irsində jurnalistika

Tarix: 23:03 01.07.2025
Azərbaycan jurnalistikasının formalaşmasında və inkişafında əvəzsiz xidmətləri olan Nəsir Əhmədli, həm nəzəriyyəçi alim, həm də pedaqoq kimi öz dövrünün media mühitinə dərin iz salmış şəxsiyyətlərdən biridir.
Nəsir Əhmədli sadəcə bir alim, bir müəllim deyil, o bütöv bir məktəbdir. Onun səsi auditoriyalarda, fikirləri elmi məqalələrdə, ruhu isə yüzlərlə tələbəsinin qəlbində yaşayır. Onun dərs dediyi tələbələr bu gün ölkənin və regionun aparıcı media qurumlarında, elmi tədqiqat mərkəzlərində və tədris müəssisələrində fəaliyyət göstərirlər. Nəsir Əhmədli jurnalistikaya yalnız informasiyanı necə çatdırmağı yox, həm də sözün məsuliyyətini, qələmin əxlaqını öyrədirdi. O, jurnalistikanın cəmiyyətə xidmət edən, vicdanlı və dürüst bir peşə olduğunu vurğulayırdı. Nəsir Əhmədlinin elmi irsi – yazdığı dərsliklər, monoqrafiyalar və məqalələr – bu sahədə çalışanlar üçün hələ də əsas mənbələrdəndir.
Mövzu ilə bağlı "İnformator.az" Crossmedia.az-a istinadən xəbər verir ki, BDU Jurnalistika fakültəsi Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri, dosent Aynur Nəsirova ilk olaraq bildirib ki, Nəsir Əhmədli onun üçün sadəcə böyük bir alim və pedaqoq deyil, həm də mənəvi bir dayaq, əsl ustaddır:
"Demək olar ki, yüzlərlə professional jurnalistin, media mütəxəssisinin, alimin uğurunun arxasında hansısa formada NƏSİR ƏHMƏDLİ imzası var. Ustad bu gün biz tələbələrinin, yetirmələrinin yaradıcılığında,imzasında, uğurunda yaşayır. Biz onu anım günlərində, doğum tarixində, gündəlik söhbətlərimizdə elmi polemikaları, dəyərli məsləhətləri, zarafatları xatırlayırıq. Bu, bizim üçün həm şərəf, həm də mənəvi missiyadır. Mən bir məsələyə xüsusilə diqqət çəkmək istəyirəm ki, hər il anım və doğum günlərində Nəsir müəllimin "Yazarlara tövsiyələr" başlıqlı statusları yenidən gündəmə gəlir.
Onun rus dilindən dilimizə keçən lazımsız sözlərlə bağlı yazarlara çox gözəl tövsiyələri var. Bu, “tərəfindən”, “hansı ki”, “seçkilər” və digər sözlərə aiddir. Nəsir müəllimin bu tövsiyəlıri dərslərimizdə də dilimizin azbərinə çevrilib, artıq 2 nəsil bunu digərlərinə şiddətlə tövsiyə edir. Bu, həm də Azərbaycan dilinin təmizliyi üçün edilməlidir. Tələbələrə, gənc jurnalistlərə tövsiyə edirik ki, gələcəkdə redaksiyalarda, televiziyalarda və digər media qurumlarında çalışanda bu tövsiyələri mətn yazarları ilə paylaşsınlar. Çünki biz dilimizi qorumalıyıq. Bunu məhz Nəsir müəllimin irsindən öyrəndiyimiz şəkildə həyata keçirməliyik. Nəsir müəllim mənim həyatımın müxtəlif mərhələlərində yanımda olub. Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri vəzifəsinə vakansiya zamanı sözügedən kafedranın professoru olan Nəsir müəllimin məsləhəti və xeyir-duası ilə bu yola çıxdım. Nəsir müəllim telefon söhbətində "nəvəsinin müdir olduğu kafedrada işləməyi kim istəməz" dedi. Soyadım Nəsirova olduğundan tələbəlikdən müəllimliyə qədər Nəsir müəllim mənə “nəvəm” deyə müraciət edərdi. Mənə “nəvəm, necəsən? hər şey qaydasındadırmı?” deyərdi. Mən də çox sağ olun, Nəsir müəllim, Sizin məsləhətlərinizlə yolumu müəyyənləşdirirəm" deyə cavab verərdim.
Aynur Nəsirova fəlsəfə doktorluğu dissertasiyası üçün mövzu seçərkən də neçə mövzu arasından məhz Nəsir müəllimin məsləhəti ilə onun yolunu davam etdirib. Xəbərlərin dili, təqdimat forması və onların ictimai şüura təsiri kimi mövzular onu daha çox cəlb etdiyindən Nəsir müəllimə müraciət edib:
“Bu zaman Nəsir müəllim mənə özünün əvvəllər işlədiyi “Kütləvi kommunikasiya modelləri” mövzusunu davam etdirməyi tövsiyə etdi. Bildirdi ki, Azərbaycanda tətbiq olunan modelləri araşdıraraq, onların içərisində xəbərin təqdimatına yenilik gətirə bilərsən. Bu ideyanı digər ustadım, elmi rəhbərim Yalçın Əlizadə ilə paylaşanda, Yalçın müəllim gülümsəyərək, "burda Nəsir müəllimin dəsti-xəttini görürəm" dedi.
Yalçın müəllim də bu istiqaməti qəbul etdi. Nəsir müəllimin və Yalçın müəllimin elmi məsləhətləri, kömək və dəstəyi ilə başladığım işi uğurla başa vurdum. başladım. Azərbaycan teleməkanı üçün potensial xəbərin real xəbərə çevrilməsi ilə bağlı model hazırladım və redaktor kimi televiziyada işə başlayaraq bunu tətbiq eləməyə çalışdım. O zaman da Nəsir müəllim tövsiyə etdi ki, bu modeli televiziya kanallarına təqdim edim. Bildirdi ki, əgər televiziya qurumları bu model üzərindən fəaliyyətlərini qursalar, nəticələr daha səmərəli olar.
"Nəsir müəllimin xəstəliklə mübarizə apardığı dövrdə biz yetirmələri ustada mənəvi borcumuzu yerinə yetirə bildiyimizə görə, rahatıq" deyir Aynur Nəsirova.
“Ustadın ad günü ərəfəsində onun adı ilə bağlı Respublika elmi konfransı təşkil etdik. Tədbirdə Nəsir müəllimi sevən hər kəs – tələbələri, aparıcı media qurumlarının rəhbərləri, redaktorlar, reportyorlar, dostları, elm xadimləri iştirak etdilər. Sevindirici haldır ki, Nəsir müəllim özü də həmin tədbirdə iştirak edə bildi. Bu, onunla sonuncu görüşümüz oldu". Aynur Nəsirovanın sözlərinə görə, Nəsir müəllimin vəfatından sonra Bakı Dövlət Universiteti elmi konfransın materiallarını kitab şəklində çap etdirib. Ardınca qızı Sevinc Əhmədova Nəsir müəllimin xəstəliyi dövründə qələmə aldığı yarımçıq qalan xatirələrini tamamlayaraq kitab halında nəşr etdirib. "Çox şanslıyam ki, mənim də Nəsir müəllim haqqında fikirlərim həmin kitabda yer alıb. Bu gün istər elmi müzakirələrdə, istər kafedrada, fakültədaxili söhbətlərdə, istərsə də iclas və konfranslarda daim Nəsir müəllimi xatırlayırıq. Ustadımızın fikirləri tez-tez dilimizə gəlir, onun dəyərli sözlərindən sitatlar gətiririk. Əvvəldə də qeyd etdiyim kimi, təkcə mən yox, bütün tələbələri dönə-dönə onun yazarlara verdiyi tövsiyələrə istinad edirik. Nəsir Əhmədlinin dilə, üsluba, söz seçiminə dair dəyərli tövsiyələri bu gün də bizim fəaliyyətimizə istiqamət verir. Tələbələri sosial şəbəkələrdə onun statuslarını paylaşır, fikirlərini yaşadırlar. Mən böyük qürur hissi ilə deyirəm ki, Nəsir müəllim kimi ustaddan dərs almışam”,- deyə A.Nəsirova fikrini yekunlaşdırıb.