Makiyajın Özgüvənə Təsiri
Bölmə: Sosial › ,Tarix: 19:20 23.01.2025
Makiyaj sadəcə bir gözəllik vasitəsi deyil, həm də insanların özlərini daha yaxşı hiss etmələrinə təsir edən psixoloji bir elementdir. Gündəlik həyatda bir çox insanın özgüvənini artırmaq üçün makiyajdan istifadə etməsi bu vasitənin yalnız xarici görünüşə deyil, daxili dünyamıza da təsir etdiyini göstərir.
Bəs makiyajın özgüvən üzərindəki təsiri hansı mənbələrdən qaynaqlanır?
Mövzu ilə bağlı psixoloq Ülkər Musayeva “İnformator.az”a açıqlamasında bildirib ki, makiyaj bir çox insan üçün duyğusal rahatlama alətidir:
"Qadınların makiyaj etməyi sevməsinim özünə inam, özünə hörmət, cazibədarlığı artırmaq və hakimlik qurmaq kimi səbəbləri var.
Makiyaj bir çox insan üçün duyğusal rahatlama alətidir. Bəzən bir insan üçün stresli, kədərli və ya depressiyada olduğu zaman makiyaj etmək əhval-ruhiyyəni artırmaq üçün qısamüddətli həll ola bilər. Makiyaj etmək diqqəti yayındırır və görünüşünü daha ürəkaçan hala gətirərək daxili rahatlıq yarada bilir. Lakin biz xaricdən nə qədər müdaxilə etsək də daxilimizdə özümüzü özgüvənsiz hiss ediriksə bu yol tam olaraq fayda verə bilməz. Biz özümüzü gözəl gördüyümüz zaman yalnız insanlar da bizi gözəl görər".
Psixoloqun sözlərinə görə, makiyaj vasitələrindən daha çox istifadə edən insanlar özlərini olduğu kimi qəbul etməyənlərdir:
" Xarici görünüşündən şikayət edən və onu makiyajla basdırmağa çalışanlardır. Bəzi insanlar var ki, çox vaxt makiyaj etməyə belə ehtiyac duymurlar, çünki özlərinə inamları bütün qüsurları örtəcək qədər güclüdür. Təbii gözəlliklərini dərk etdikləri üçün özlərinə inamları həmişə yüksək olur. Beləliklə bir atalar misalı ağlımıza gəlir: "Gözəllik ondur,doqquzu dondur".
Və biz xanımlar elə etməliyik ki, atalarımızın dediyi o həmin 9 amilin içində sağıamlıq, özgüvən, özdəyər, özsevgi, şəfqət, xoş aura, təmizlik və anlayış olsun. Çünki bunlar bir xanımda cəmləşərsə o xanımın makiyaj kimi xarici amillərə ehtiyacı qalmaz.
Xalqımın bütün xanımlarına daim sağlam, gözəl və yüksək əhval ruhiyyədə olmağı arzulayıram".
Aytac Mustafayeva