Ermənistanda Zəngəzur dəhlizi ilə bağlı iddialar yayılıb

Bölmə: Siyasət › ,
Tarix: 17:15 14.02.2025

 

Erməni politoloqun iddiasına görə, Azərbaycan, Türkiyə və İsrail Tramp və Putinə təzyiq edəcək. Bunun nəticəsində Zəngəzur dəhlizinin açılmasına nail olacaqlar. Onun sözlərinə görə, bu təzyiqdən sonra Tramp və Putin İranı güzəştə getməyə məcbur edəcəklər.  

 

Mövzu ilə bağlı ‘’informator.az’’a açıqlamasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının idarə heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu bildirib ki, bundan sonraki dönəmlərdə ABŞ-nin bölgə ilə bağlı siyasətinin dəyişəcəyi gözlənilir:

 

"Bu baxımdan düşünürəm ki, ABŞ hərbiçilərinin bölgədə olması müharibə şəraitinin yaranmasına gətirib çıxara bilməz. Əslində, Batden Administrasiyası, xüsusən də Fransa Zəngəzur dəhlizinin açılmasına etiraz edirdi və bu proses hələ də rəsmi Parisin timsalında davam edir. Fransa tərəfindən dəhlizin açılmaması üçün Ermənistana təzyiq olunur. Bunun üçün də Qərb tərəfindən Zəngəzur dəhlizinə alternativ olan ‘’Sülh kəsişməsi’’ layihəsi ortaya atılıb. Burada məqsəd Ermənistanı prosesdən yayındırmaq, eyni zamanda, bölgədə vəziyyəti gərgin saxlamaqdır. Digər tərəfdən, İran da çalışır ki, dəhliz açılmasın və beləliklə də, Azərbaycanın iqtisadi baxımdan daha da güclənməsinin qarşısı alınsın. Həm də İran fikirləşir ki, Zəngəzur dəhlizi açılarsa, İran təcrid vəziyyətinə düşə bilər və burada İranla Qərbin maraqları üst-üstə düşür. Xüsusilə, İran ortaya atmışdı ki, guya Azərbaycan Zəngəzuru özünə birləşdirməyə çalışır və Zəngəzur dəhlizinin arxasında bu niyyət var. Bu çox absurd yanaşmadır və Azərbaycan bunu təkzib edib. Ümumiyyətlə, bundan sonraki dönəmlərdə ABŞ-nin bölgə siyasətinin dəyişəcəyi gözlənilir. Bu baxımdan düşünürəm ki, ABŞ hərbiçilərinin bölgədə olması müharibə şəraitinin yaranmasına gətirib çıxara bilməz. İstər İranın qarşı çıxması, istərsə də, qərbin prosesə müdaxiləsi, yaxud Rusiyanın hər hansı pozucu fəaliyyəti Azərbaycanın öz maraqlarından bir addım geri çəkiləcəyinə gətirib çıxarmayacaq. Gec-tez Zəngəzur dəhlizinin açılması realdır və bunun alternativi yoxdur".

 

Günel Verdiyeva