Putin İstanbula getməyəcək

Tarix: 11:08 14.05.2025
Rusiya Prezidenti Vladimir Putin sabah İstanbula uçmayacaq və uçmağı da planlaşdırmır, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Rüstəm Tağızadə bildirib ki, Vladimir Putin İstanbula getsə də, getməsə də düşünmürəm ki, bu görüşlərə ciddi təsir edəcək:
"Vladimir Putin İstanbula getsə də, getməsə də düşünmürəm ki, bu görüşlərə ciddi təsir edəcək. Yəni Putin bu görüşə qatılmamaqla diplomatik elastikliyini qoruyur. Əgər görüş uğursuz nəticələnərsə, Kremlin bu məsuliyyəti öz üzərinə götürmək istəməməsi də başa düşüləndir. Eyni zamanda məlumdur ki, Lavrov və Uşakov indiyədək bir çox mühüm diplomatik görüşlərdə iştirak ediblər. Onlar adətən ən çətin və həssas danışıqlarda təmsil olunublar. Bu baxımdan Lavrov və Uşakovun danışıqlarda iştirakı Rusiya tərəfinin mövqeyini ciddi şəkildə ifadə edir. Düşünürəm ki, bu nümayəndə heyəti Rusiya hökumətinin mövqeyini əks etdirəcək və Rusiya işğal etdiyi ərazilərdə qalmaq niyyətindədir. Ən azından ilkin mərhələdə atəşkəs imzalamaq və Rusiyanın milli maraqlarını qorumaq üçün danışıqlar aparmağa çalışacaq. Rusiya qapalı siyasət yürüdən bir dövlətdir. Görüşlər barədə qərarları son anda açıqlaması təəccüblü deyil. Əsas məsələ odur ki, görüş konstruktiv şəkildə keçsin və Rusiya buna səy göstərsin. Təəssüf ki, Rusiya işğal etdiyi ərazilərdən geri çəkilmək niyyətində deyil. Bu isə Ukrayna üçün vəziyyəti daha da çətinləşdirir. Bu görüş həm irəliyə doğru atılmış bir addım ola bilər, həm də Ukrayna üçün çətin keçəcək. Xüsusilə də Birləşmiş Ştatlarda Donald Tramp administrasiyasının hakimiyyətə gəlməsindən sonra ABŞ-nin əsasən Rusiyanın maraqları yönündə hərəkət etməsi hər kəsə məlumdur".
Qəmər Kazımzadə