"Artan yaş fərqi boşanma riskini yüksəldir"-Açıqlama

Tarix: 21:56 25.02.2025
Evlilikdə tərəflər arasındakı yaş fərqi uzun illərdir cəmiyyətlərdə mübahisəli mövzulardan biri kimi qalmaqdadır. Bəziləri bunun münasibətlərə təsir etmədiyini iddia etsə də, digərləri yaş fərqinin önəmli faktor olduğunu vurğulayır.
Bəs evlilikdə yaş fərqi nə qədər əhəmiyyətlidir?
Mövzu ilə bağlı sosioloq Yusif Nəbiyev "informator.az"a açıqlamasında bildirib ki, evlilik insan həyatının az qala hər sahəsinə təsir etdiyi üçün, özü də insan həyatının hər sahəsindən, eləcə də tərəflər arasındakı yaş fərqindən təsirlənir:
"Yaş fərqinin evliliyin keyfiyyətinə, gedişatına təsiri böyükdür. Amma bu təsir hansı formada özünü göstərir, nə dərəcədə şiddətli olur, bu artıq bir çox faktora görə fərqliliklər göstərir.
Yaşları yaxın olan partnyorlar bənzər həyat təcrübələrinə sahib olurlar. İçində olduqları sosial dinamikalar da bənzər olur. Bu da, öz növbəsində, ünsiyyəti və qarşılıqlı anlaşmanı asanlaşdırır. Amma ciddi yaş fərqi prioritetlərin, enerji səviyyələrinin və emosional yetkinliyin də fərqli olmasına səbəb ola bilir. Misal üçün, tərəfdaşlardan biri digərindən xeyli yaşlıdırsa, o, ehtimal ki, daha sabit, sakit həyat tərzinə üstünlük verəcək. Amma gənc olan tərəf hələ də macəra, dinamik həyat tərzi axtarışında ola bilər. Və ya özünü kəşf etmə yolunda ola bilər.
Münasibətlərdə yaşca böyük olan tərəf, adətən, daha dayanıqlı maliyyə vəziyyətinə və daha zəngin həyat təcrübəsinə malik olur və bu da bəzən güc balansının kəskin formada yaşlı tərəfin xeyrinə pozulmasına səbəb ola bilir. Əgər münasibət qarşılıqlı hörmət və anlayış üzərində qurulubsa, bu problem yaratmaya da bilər. Amma partnyorlardan biri qərarvermə prosesində digərini heç bir halda nəzərə almayacaqsa, bu digər tərəfdə uzunmüddətli yığılmış narazılıqlara yol aça bilər.
Digər önəməli bir məqam budur ki, daha gənc olan partnyor gələcəkdə "baxıcılıq" rolunu üzərinə götürmək məcburiyyətində qala bilər. Xüsusilə, yaş fərqi 15-dən yuxarı olan hallarda bir neçə on il sonra tərəflərdən biri hələ orta yaşlı olduğu halda, digəri artıq qocalmış olur. Paralel olaraq, sağlamlıq, təqaüdə çıxma yaşı, həyat tərzindəki kəskin dəyişikliklər də belə cütlüklərin gələcək həyatlarında çətinliklər yarada bilər. Əgər münasibətdə övladlar da varsa (və ya planlaşdırılırsa), ifrat yaş fərqi valideynlik üslubuna və ailənin ümumi uzunmüddətli dinamikasına da təsir göstərə bilər".
Sosioloqun sözlərinə görə, bu mövzuda Qərb ölkələrində müəyyən statistiki araşdırmalar da aparılıb:
"Bunların nəticələri göstərir ki, yaş fərqi 0-3 il olan cütlüklər evliliklərindən daha yüksək məmnuniyyət əldə edirlər və daha aşağı boşanma faizi göstərirlər. Araşdırma nəticələri göstərir ki, xüsusilə, aradakı yaş fərqi 10 ili keçdikdən sonra artan yaş fərqi boşanma riskini də yüksəldir. Lakin bu mövzuda da istisnalar var.
Mədəni faktorlardan, mentalitetdən asılı olaraq, evlilikdəki ifrat yaş fərqliliyi də cəmiyyətdən fərqli münasibət görə bilir. Bəzi cəmiyyətlərdə bu normal olduğu halda, bəzilərində xoş qarşılanmaya bilir. Ona görə də bütün obyektiv təsir amilləri ilə yanaşı yaşadığımız cəmiyyətin, ölkənin mədəni kodlarını da nəzərə almalı, bu kodlara kəskin zidd gedəcəyimiz təqdirdə sözlü və ya emosional təzyiqlərlə üzləşə biləcəyimizi unutmamalıyıq".
Elnurə Kərimova

28 iyul 2025-ci il tarixində “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” (ƏSMİD) İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Rəqəmsal İnkişafla Məşğulluq Yarat” layihəsinin yekun tədbirini təşkil etdi.