Batil Etiqadlar: Cəmiyyətin Düşüncəsinə Təsiri

Tarix: 21:20 27.02.2025
İnsanlar həmişə naməlum olanı anlamaq və izah etmək üçün müxtəlif inanclara sığınıblar. Qədim dövrlərdən bəri mövcud olan batil etiqadlar, sadəcə fərdi inanclar deyil, eyni zamanda cəmiyyətin sosial davranışlarına və qərarlarına təsir edən mühüm amillərdən biridir.
Bu barədə Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı "informator.az"a açıqlamasında danışıb.
O bildirib ki, bu cür inancların yayılması savadsızlıq ilə bağlıdır:
"İnanc və etiqad yüksək mənəvi dəyərlərdən biridir, insani xüsusiyyətdir. Amma burada söhbət ondan gedir ki, bu, əsaslı olmalıdır. Deməli, batil inanclar ilə elmi və dini əsaslandırılmış inanclar fərqlidir. Burada məsələ cahilliklə bağlıdır, yəni savadsızlıq və dünyagörüşü ilə əlaqəlidir. Bir çox insan həm elmi, həm də dini cəhətdən savadsızdır. Çünki həm din, həm də elm biliyi təbliğ edir, dünyagörüşünü artırmağı və ağılla hərəkət etməyi öyrədir. Normal mənəvi dəyərləri təbliğ edir. Bunları bilən insan heç vaxt xurafata, cəhalətə meyil etmir. Çünki bu, elmə və dinə ziddir. Sosial münasibətlərə və hüquqi məsələlərə də ziddir.
Bu cür inanclar daha çox təhsil səviyyəsi aşağı olan cəmiyyətlərdə inkişaf edir. Belə yerlərdə həqiqi dinin əvəzinə saxta din formalaşdırılır, yəni dini mövhumat din adı altında təqdim edilir. Məsələn, bizdə müsəlmanlıq var, amma Quran kənarda qalıb, onun yerinə müxtəlif hədislər, şeyxlərin fitvaları və təriqətlərin uydurmaları ilə saxta bir din formalaşdırılır. Bunun isə həqiqi dinə heç bir aidiyyəti yoxdur".
Elçin Bayramlı insanların biliklənmək əvəzinə şou və əyləncəyə meyil etməsini bu istiqamətdə əsas problem olaraq vurğulayıb:
"Bu gün cəmiyyətdə mövcud olan cəhalət və xurafat əlamətlərinin heç birinin dinə dəxli yoxdur. Dinin müqəddəs kitablarında belə şeylər mövcud deyil. Sadəcə müəyyən dini-siyasi dairələr bəzi məqamları kontekstdən çıxarır, saxtalaşdırır, təhrif edir və insanları aldadır. Digər tərəfdən, təhsil sistemi zəif olduqda, insanlar savad əvəzinə şouya və əyləncəyə meyil edəndə, dünyagörüşü az olanda, təbii ki, hər cür batil etiqadlara və inanclara üz tuturlar. Bundan da fürsətcil şəxslər öz maraqları üçün istifadə edirlər. Məsələn, falçılar, cadugərlər, saxta mediumlar və müxtəlif fırıldaqçılar belə insanları potensial pul mənbəyi kimi görürlər. Onları aldatmaq və bu yolla biznes quraraq pul qazanmaq daha asan olur.
Cahillərin çox olduğu cəmiyyət sağlam hesab edilə bilməz. Hansı cəmiyyətdə savadsız və cahil insanların sayı çoxdursa, orada bu kimi hallar daha geniş yayılır. Tarixin müəyyən dövrlərində insanların bilik əldə etmək imkanlarının məhdud olduğu zamanlarda bunu başa düşmək olardı. O dövrlərdə müqəddəs kitabları belə oxumaq çətin idi. Lakin müasir dövrdə bütün elmi biliklər və müqəddəs kitabların mətnləri açıq şəkildə ortadadır. Sonsuz informasiya, bilik və elm mövcuddur. Belə bir şəraitdə kim həqiqəti öyrənmək istəyirsə, buna nail ola bilər. Həm elmi, həm də dini biliklərə sahib olan insanın inancları əsaslı olur.
Amma kim ki, maraqlanmır, belə bir istəyi yoxdur, onun üçün əsas məqsəd yalnız əyləncə və fərdi maraqlar olur. Belə insanlar cahil kütləyə çevrilirlər. Bu cür cəmiyyətlərdə isə xurafat və mövhumat artır, təhsil səviyyəsi aşağı düşür, sosial münasibətlər zəifləyir, cəmiyyətdə parçalanma baş verir. Müxtəlif təriqətlər və cərəyanlara uyan insanlar formalaşır, psixoloji gərginlik artır, hüquqsuzluq genişlənir. Bu hallar daha çox cahil cəmiyyətlərə xasdır.
Hər bir xalqın yeganə çıxış yolu elmə və təhsilə üstünlük vermək, bütün insanları təhsilə cəlb etmək və həqiqi dini olduğu kimi insanlara çatdırmaqdır. Sağlam bir cəmiyyət formalaşdırmaq üçün bu, vacibdir. Əks halda dünya təcrübəsi göstərir ki, elm və təhsil inkişaf etmədikcə, həmin cəmiyyətlər geridə qalır. Nə öz dinlərindən, nə də dünya elmindən anlayışları olur. Belə bir cəmiyyətə adicə kütlə demək olar. Çünki cəmiyyət fərqli bir sosial institutdur. Cəmiyyət—təhsilli, elmli, ağıllı və əxlaqlı insanların birliyidir.
Müasir dövrdə cahil qalmaq mümkün deyil. O qədər informasiya, bilik və mənbə var ki, insanın cahil qalması üçün çox ciddi şəkildə bundan imtina etməsi lazımdır".
Nuray Qurbanlı