“Azərbaycan Qırğızıstanla Tacikistan arasında sazişi alqışlayır”
.jpg)
Tarix: 11:22 15.03.2025
Azərbaycan Qırğızıstan və Tacikistan respublikaları arasında sərhədin delimitasiyası və demarkasiyası haqqında sazişin imzalanmasını səmimiyyətlə alqışlayır.
"İnformator.az" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “X” hesabında paylaşım edib.
“Bu tarixi saziş iki xalq arasında dostluq əlaqələrini və Mərkəzi Asiyanın sabitliyini və çiçəklənməsini daha da gücləndirəcək mühüm addımdır. Bu mühüm nailiyyət münasibətilə hər iki qardaş ölkəni ürəkdən təbrik edirik”, - məlumatda qeyd olunub.
Xatırladaq ki, martın 13-ü Qırğızıstanla Tacikistan arasında dövlət sərhədi haqqında Saziş imzalanıb. Sənəd Qırğızıstan və Tacikistan liderləri Sadır Japarov və Emoməli Rəhmon tərəfindən sonuncunun Bişkekə dövlət səfəri çərçivəsində imzalanıb.
Bundan əvvəl, fevralın 21-də Qırğızıstan ilə Tacikistan arasında sərhədin delimitasiyası üzrə yekun protokol qəbul olunmuşdu.
Qeyd edək ki, hər iki ölkə arasında sərhədin uzunluğu 970 km-dən çoxdur. Bundan əvvəl Bişkek və Düşənbə mübahisəli sahələri razılaşdırıblar.