Rusiya iki Britaniya diplomatını casusluq ittihamı ilə ölkədən çıxarır

Bölmə: Dünya › ,
Tarix: 21:12 10.03.2025

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) iki Britaniya diplomatının akkreditasiyasını ləğv edərək, onların casusluq fəaliyyəti ilə məşğul olduqlarını iddia edib.

 

Diplomatlara ölkəni tərk etmələri üçün iki həftə vaxt verilib. Rusiya Xarici İşlər Nazirliyi Britaniya səfirliyinin nümayəndəsini çağıraraq etirazını bildirib və Londonun vəziyyəti daha da gərginləşdirməsi halında sərt cavab veriləcəyini bəyan edib. Britaniya Xarici İşlər Nazirliyi isə ittihamları "əsassız və qərəzli" adlandırıb. Bu addım Moskva və London arasında uzun müddətdir davam edən diplomatik gərginliyin bir hissəsidir. Xüsusilə, 2022-ci ildə Rusiyanın Ukraynaya müdaxiləsindən sonra tərəflər arasında diplomatların qarşılıqlı olaraq qovulması halları artıb.

 

Rusiya belə diplomatik addımları adətən Ukraynadakı müharibənin kritik məqamlarında atır. Bu həftə Ukrayna nümayəndələri ABŞ rəsmiləri ilə münaqişənin həlli üçün Səudiyyə Ərəbistanında görüş keçirəcək, Britaniya isə Avropa liderlərinin Kiyevlə bağlı müzakirələr apardığı bir zirvəyə ev sahibliyi edib.

 

CNN News
Aydan Quliyeva