İsrail atəşkəsə baxmayaraq hücumlarını davam etdirir

Tarix: 14:40 11.03.2025
İsrail ordusunun Qəzza zolağının cənubundakı Rəfah şəhərində atəşkəsə baxmayaraq həyata keçirdiyi hücumda bir fələstinli həyatını itirib.
Fələstinin WAFA xəbər agentliyinin məlumatına görə, İsrail ordusuna məxsus pilotsuz uçuş aparatı Rəfah şəhərinin şərqini hədəf alıb. Abdullah Əli əl-Şair adlı fələstinli İsrailin hücumu nəticəsində həyatını itirib. Yanvarın 19-da başlayan atəşkəs pozulmaqla davam edir. Yanvarın 19-da İsraillə Həmas arasında əldə olunan atəşkəsə baxmayaraq, İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrində müxtəlif formalarda pozuntuları davam edir. İsrail ordusunun dünən Qəzza zolağının mərkəzi hissəsindəki Bureyc Qaçqınlar Düşərgəsinə təşkil etdiyi hücumda 3 fələstinli həyatını itirib. İsrailin 2023-cü il oktyabrın 7-dən atəşkəsin elan edildiyi 19 yanvara qədər Qəzzaya etdiyi hücumlarda 61 mindən çox fələstinli həyatını itirib, 14 mini dağıntılar altında itib, 2 milyon insan isə didərgin düşüb.
Köçkün fələstinlilərin sığındığı xəstəxanalar, evlər və məktəbləri də hədəf alan hücumlarda Qəzza zolağının infrastrukturunun 88 faizi məhv edilib. İordan çayının qərb sahilinə edilən basqınlarda 3 fələstinli yaralanıb. Fələstin rəhbərliyinə bağlı Fələstinin Səsi Radiosunun xəbərində İsrail ordusunun İordan çayının qərb sahilinin cənubunda yerləşən Hebron şəhərinin cənubundakı Dura qəsəbəsinə basqın təşkil etdiyi bildirilib. Xəbərdə İsrail əsgərlərinin basqına qarşı çıxan fələstinlilərə atəş açması nəticəsində 3 nəfərin yaralandığı bildirilib. Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrail ordusunun açdığı atəş nəticəsində yaralanan 3 nəfərin Dura Dövlət Xəstəxanasına gətirildiyi və burada müalicə aldığı qeyd edilib. Ramallahın şimalındakı Birzit, Kuber və Abud və şimal-qərbdəki Nebi Salih qəsəbəsinə basqın edən İsrail ordusu gözyaşardıcı qazdan istifadə edib. İsrail əsgərləri Qüdsün şimalındakı əl-Ram qəsəbəsinə basqın edərək fələstinlilərə səs bombaları atıb. İsrail ordusunun İordan çayının qərb sahilinin şimalındakı Betha qəsəbəsinə basqın zamanı gözyaşardıcı qazdan istifadə etməsi nəticəsində bəzi insanlar boğulma təhlükəsi ilə üzləşib.
Basqınların, hücumların və həbslərin artması
İsrailin Qəzza zolağına hücuma başladığı 7 oktyabr 2023-cü ildən bəri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə fələstinlilərə qarşı həbslər, basqınlar və hücumlarda artım müşahidə olunur. İşğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə 7 oktyabr 2023-cü ildən bu yana məhbus olan fələstinlilərin sayı 490-ı qadın olmaqla 15 min 640-a çatıb. Bu müddət ərzində işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə Fələstin torpaqlarını qəsb edən İsrail əsgərləri və israillilərin hücumları nəticəsində 168-i uşaq olmaqla 930 fələstinli həyatını itirib, 7 minə yaxın insan isə yaralanıb.
Tərcümə etdi:Ayşən Səlimova
Mənbə:TRT haber