Kreml: ABŞ-nin Ukrayna təklifində tələsməyəcəyik

Tarix: 21:51 12.03.2025
Kreml sözçüsü Dmitri Peskov, ABŞ-nin Ukraynaya “30 günlük təcili atəşkəs” təklifinə dair məlumat gözlədiklərini bildirərək, “Biz tələsmək istəmirik” deyib.
Moskva şəhərində jurnalistlərə açıqlama verən Peskov, ABŞ-nin Ukraynaya yönəlik atəşkəs təklifi və gündəmdəki digər məsələlər barədə fikirlərini bölüşüb.
Rusiya prezidenti Vladimir Putinin ABŞ ilə nadir torpaq elementləri mövzusunda əməkdaşlıq edilə biləcəyinə dair açıqlamalarına toxunan Peskov, “Bu sahədə imkanlar var, lakin hələlik danışıqlar aparılmır” ifadəsini işlədib.
Putin və ABŞ prezidenti Donald Tramp arasında mümkün görüşə dair sualı cavablandıran Peskov, “Belə bir ehtiyac yaranarsa, çox tez təşkil ediləcək. ABŞ ilə ünsiyyət üçün mövcud kanallar bunu olduqca qısa müddətdə həyata keçirməyə imkan verir” deyib.
ABŞ-nin Ukraynaya “30 günlük təcili atəşkəs” təklifinə Rusiya tərəfinin yanaşması ilə bağlı suala cavab verən Peskov, “Siz bir az tələsirsiniz. Biz isə tələsmək istəmirik. ABŞ dövlət katibi Marko Rubio və ABŞ-nin milli təhlükəsizlik müşaviri Mayk Uolts bu barədə bizi məlumatlandıracaqlarını bildiriblər. Şərh verməzdən əvvəl ABŞ tərəfini dinləməliyik” deyə qeyd edib.
ABŞ ilə Rusiya arasında yaxın zamanda bir görüş planlaşdırıldığını bildirən Peskov, görüşün hansı rəsmilər arasında keçiriləcəyi ilə bağlı suala isə cavab verməyib.
Son dövrlərdə Rusiya ordusunun Kursk bölgəsində irəliləyişi barədə danışan Peskov, “Ordumuzun verdiyi məlumatlar, birliklərimizin Kursk bölgəsində uğurla irəlilədiyini və militantların nəzarətində olan əraziləri azad etdiyini göstərir. Proses yaxşı gedir” deyib.
TRT XƏBƏR
Günel Verdiyeva