“Yaşasın Azərbaycan, Türkiyə və Pakistan qardaşlığı!”

Bölmə: Siyasət › ,
Tarix: 20:31 28.05.2025

 

Prezident İlham Əliyev Laçın şəhərində 28 May – Müstəqillik Gününə həsr olunmuş konsertdən əvvəlki çıxışında bildirib ki, “Bu gün Azərbaycan-Türkiyə-Pakistan əməkdaşlığının yeni səhifəsi açılır”.

 

Dövlət başçısı qeyd edib:
“Bu gün müzakirə etdiyimiz məsələlər və əldə etdiyimiz razılaşmalar bizi bir-birimizə daha da yaxınlaşdıracaq. Bizim gücümüz birliyimizdədir. Qələbə bizimlədir və həmişə bizimlə olacaq. Yaşasın Azərbaycan, Türkiyə və Pakistan qardaşlığı!”.

 

Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, bu ölkələr arasında tarixi bağlar mövcuddur:

 

“Azərbaycan, Türkiyə və Pakistan arasında qədim, tarixi, mədəni bağlar var. Eyni zamanda, İslam dini bizi birləşdirir. Ortaq dini, mənəvi, mədəni və tarixi dəyərlərimiz mövcuddur. Pakistan coğrafi cəhətdən uzaq olsa da, siyasi, mədəni, mənəvi, hərbi və müdafiə baxımından bizə, həmçinin Türkiyəyə çox yaxındır. Bu dövlətlərin sarsılmaz birliyi və aralarında inkişaf edən çoxtərəfli əlaqələr regionda sülhün davamlı və möhkəm olmasına gətirib çıxaracaq. Çünki güc və birlik böyük qüdrət deməkdir. Sülhü pozmaq istəyənlər bu qüdrətin qarşısında tənəzzülə məhkumdur. Təbii ki, Rusiya, İran kimi dövlətlərin bölgədə yalnız öz hegemonluqlarını diktə etməsinin neytrallaşdırılması üçün bu yaxınlıq mühüm təsir göstərəcək.

Bu görüşün Laçında keçirilməsi həm region, həm də dünya üçün böyük əhəmiyyətli bir mesajdır. Hər üç dövlətin liderlərinin iştirakı ilə keçirilən bu görüş dünyaya sülhün, dostluğun, qardaşlığın əyani nümunəsini göstərməkdədir. Bu birlik, yaxınlıq və dostluq quruculuğa, inkişafa, sülhə xidmət etdiyini bir daha təsdiqləmiş oldu. İqtisadiyyat, müdafiə, nəqliyyat, ticarət, turizm, kənd təsərrüfatı və digər mühüm sahələrdə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinin vacibliyi bu görüşdə bir daha vurğulandı. Hər üç liderin çıxışlarında dövlətlərimiz və xalqlarımız arasında olan bağları daha da möhkəmləndirməyin zəruriliyi xüsusi qeyd olundu.

Vaxtilə dağıdılmış həmin şəhərlərdə separatçılar gizli şəkildə bəzi Qərb dövlətlərinin rəsmilərini gətirir, özlərinə havadar axtarırdılar. Bəziləri isə erməni vandalizmini və işğalını haqlı göstərməyə çalışır, dəstək verirdilər. Lakin bu gün azad edilmiş torpaqlar Azərbaycan dövləti tərəfindən abadlaşdırılır, hava limanları tikilir, infrastruktur yenilənir və sürətlə quruculuq işləri aparılır. Artıq Füzuli və Laçın kimi şəhərlərimiz xarici dövlət liderlərinin təyyarələrinin endiyi məkana çevrilib. Bu inkişaf və quruculuq həmin torpaqların əsl sahiblərinin Azərbaycan xalqı olduğunu bir daha sübut edir".

 

Politoloq qeyd edib ki, belə səfərlərin Qarabağ və Şərqi Zəngəzurda keçirilməsinin əhəmiyyəti böyükdür:

 

“Bu cür zirvələrin Qarabağda və Şərqi Zəngəzurda keçirilməsinin xüsusi rolu və əhəmiyyəti var. Belə səfərlər və görüşlər bizim bu torpaqlarda əbədi qalacağımızın mühüm sübutudur. Eyni zamanda, bütün dünya görür və bəlkə də vaxtilə həmin ərazilərin xarabaya çevrilməsində rolu olanlar bu gün xəcalət çəkir.

Pakistan, Türkiyə və Azərbaycan arasındakı əlaqələr sarsılmaz şəkildə inkişaf edəcək. Coğrafi baxımdan uzaqda yerləşən qardaş Pakistanın da ölkəmiz və Türkiyə ilə iqtisadi, ticarət, təsərrüfat və digər önəmli sahələrdə daha geniş əlaqələr qurmasına ehtiyac var. Yatırımlar və ortaq layihələr üzərində iş aparılacaq və bu üç dövlətin birliyi sarsılmaz böyük qüdrətə çevriləcək. Beləliklə, yalnız regionda deyil, Yaxın Şərqdə və bütün dünyada sülhün bərqərar olunmasında mühüm rol oynayacaqlar.

Türkiyənin atdığı bütün addımlarda Azərbaycan və Pakistanın ona dəstək verməsi, eyni zamanda Azərbaycan və Türkiyənin Hindistanla Pakistan arasındakı məsələdə Pakistana dəstək göstərməsi, eləcə də hər iki qardaş ölkənin Qarabağ savaşında Azərbaycana verdiyi ciddi dəstək bu əlaqələri daha da möhkəmləndirdi, sınaqdan çıxardı və sarsılmaz etdi.

Ölkələrimizə qarşı mənfur niyyətlərin qarşısını almaq, bölgədə sülhü təhdid edən qüvvələri məyus etmək üçün bu zirvənin daha böyük əhəmiyyəti vardır. Sülh, inkişaf və tərəqqi üçün birləşmiş bu ölkələr eyni zamanda açıq mesaj verir: əgər mənfur, qəsdçi, pozucu niyyətlər və cəhdlər olarsa, hər kəs bu birliyi və bu dövlətləri qarşısında görəcək.

Bu formatda keçirilən ikinci zirvədir. Təbii ki, bu davamlı olacaq və Qafqazda, eyni zamanda Orta Asiyada təhlükəsizliyin davamlı olmasında təsirini göstərəcək. Mümkündür ki, Orta Asiya ölkələri də bu birliyin ortaq layihələrinə və fəaliyyət planına dəstək verərək müəyyən problemlərin həllində və iqtisadi layihələrdə iştirakçı olsunlar.

Ümumiyyətlə, bu formatda birliyin və fəaliyyətin Qafqaz və region üçün həm təhlükəsizlik, həm də ölkələrin inkişafı baxımından əvəzsiz əhəmiyyətə malik olduğunu hesab edirəm”.

 

Lalə Qurbanlı