Etnik stereotiplər: Onların formalaşması və azaldılması yolları

Tarix: 21:22 14.03.2025
“Etnik stereotiplər əsasən cəmiyyətlərin bir-biri ilə kifayət qədər tanış olmaması, tarixi qarşıdurmalar və media təsirləri nəticəsində formalaşır”.
Bu sözləri sosioloq Lalə Mehralı “İnformator.az”a açıqlamasında deyib.
O qeyd edib ki, etnik qruplar bir-birinin adət-ənənəsini bilmədikdə, anlaşılmazlıq və qərəz yaranır:
“Bir cəmiyyət digərinin dəyərlərini absurd və ya lazımsız hesab edə bilər. Bəzən stereotiplər müəyyən bir qrupun bütün üzvlərinə aid edilir, halbuki bu yanaşma yanlışdır. Məsələn, insanlar rusları içki düşkünü, türkləri qadınlara düşkün, ingilisləri soyuqqanlı, almanları ifrat dəqiq, amerikalıları isə kobud və laqeyd kimi təsvir edirlər. Lakin daha çox insan tanıdıqca və mədəniyyətlərarası əlaqələr gücləndikcə bu düşüncələrin nə qədər nisbi və subyektiv olduğu aydın olur".
Sosioloqun sözlərinə görə, bəzi etnik qruplar sosial və iqtisadi məsələlərdə öz stereotiplərini qoruyub saxlamaq istəyirlər:
“Bu, həmin qrupların daha qapalı yaşamasına və digər qruplarla münasibətlərinin minimuma enməsinə səbəb olur. Bəzi etnik qruplar yalnız öz daxilində ailə qurmağa üstünlük verirlər. Məsələn, tərəkəmələr çalışırlar ki, yalnız öz icmalarında qız alıb-versinlər, çünki başqa etnik qruplarla uyğunlaşmağın çətin olduğunu düşünürlər. Bu cür qapalı strukturlar stereotiplərin uzun müddət yaşamasına və inteqrasiyanın çətinləşməsinə səbəb ola bilər".
Müsahib qeyd edib ki, Azərbaycanda çox sayda etnik qruplar var ki, sülh içində yaşayır və bu da ölkənin mədəni müxtəlifliyə açıq siyasətinin nəticəsidir:
"Azərbaycanda müxtəlif etnik qrupların bərabər hüquqlara malik olması və inteqrasiyanın yüksək səviyyədə olması, etnik stereotiplərin zamanla azalmasına şərait yaradır. Ölkəmizdə uzun illərdir müxtəlif xalqlar birgə yaşayır və onların bir-birinə münasibəti getdikcə daha da yaxşılaşır. Stereotiplərin azaldılması üçün aşağıdakı tədbirləri tövsiyə olunur:
Təhsil və maarifləndirmə vasitəsilə müxtəlif etnik qrupların mədəniyyət və ənənələri haqqında məlumatlılığın artırılması.
Medianın stereotipləri yaymaq əvəzinə, multikulturalizmi təşviq etməsi.
Müxtəlif etnik qruplar arasında sosial və iqtisadi inteqrasiyanı gücləndirən layihələrin həyata keçirilməsi.
İnsanların fərqli mədəniyyətlərlə daha çox təmasda olması üçün sosial tədbirlərin təşkili.
Stereotiplərin dəyişməsi zaman tələb edir, lakin mədəniyyətlərarası dialoq və qarşılıqlı hörmət bu prosesi sürətləndirə bilər".
Yunuszadə Zeynəb