Tramp, Putinlə apardığı telefon danışığını “mükəmməl” adlandırdı

Tarix: 16:47 19.03.2025
ABŞ Prezidenti Donald Tramp, Rusiya-Ukrayna müharibəsi ilə bağlı Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı apardığını və bu söhbəti “mükəmməl” adlandırdığını bildirib.
Amerikanın Fox News kanalına danışan Tramp, Putinlə Rusiya və Ukrayna arasında atəşkəs prosesini müzakirə etdiyi telefon danışığı barədə fikirlərini bölüşüb.
Putinlə danışığını “mükəmməl” kimi qiymətləndirən Tramp, Rusiyanın atəşkəs məsələsində üstün mövqedə olduğunu bildirib. O, “Təxminən 2500 əsgəri mühasirəyə alıblar. Onları tamamilə mühasirəyə alıblar və bu, yaxşı hal deyil. Biz bu işi bitirmək istəyirik”- deyə əlavə edib.
Putinin razılaşmanın əldə olunması üçün Ukraynaya yardımların dayandırılmasını şərt qoyub-qoymadığı sualına Tramp, telefon danışığı zamanı bu məsələnin ümumiyyətlə müzakirə olunmadığını qeyd edib.
Tramp, ABŞ əsgərlərinin bu münaqişəyə müdaxilə etməyəcəyini, yalnız müharibənin Üçüncü Dünya Müharibəsinə çevrilmə ehtimalı yaranarsa, bunun mümkün ola biləcəyini vurğulayıb. Tramp və Putin atəşkəs prosesini müzakirə edib.
Dünən ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında təxminən 2,5 saat davam edən telefon danışığı zamanı Rusiya-Ukrayna atəşkəs prosesi ilə bağlı detallar müzakirə edilib.
Tramp Truth Social hesabında paylaşdığı açıqlamada, Rusiya-Ukrayna müharibəsi ilə bağlı enerji və infrastruktur sahələrində dərhal atəşkəs əldə edilməsi məsələsində razılığa gəldiklərini bildirib.
Bundan sonra Kremlin yaydığı açıqlamada, “Məsələnin gərginləşməsinin qarşısının alınması və siyasi-diplomatik yollarla həll olunması üçün əsas şərtin Kiyevə xarici hərbi dəstəyin və kəşfiyyat məlumatlarının tamamilə dayandırılması olduğu vurğulanıb”.
Açıqlamada həmçinin Trampın Kursk bölgəsində mühasirəyə alınmış Ukrayna əsgərlərinin həyatlarının bağışlanması ilə bağlı çağırışına Rusiyanın humanitar narahatlıqları nəzərə almağa hazır olduğu bildirilib.
TRT Xəbər
Günel Verdiyeva