AB, ABŞ tarifələrində geri addım atıb

Bölmə: Dünya › ,
Tarix: 22:26 21.03.2025

 

 

Avropa İttifaqı (Aİ), ABŞ-nin polad və alüminium tariflərinə cavab olaraq planlaşdırdığı bəzi tədbirləri danışıqlara vaxt tanımaq üçün aprel ayının ortalarına qədər təxirə salıb. Aİ sammitində çıxış edən Almaniya kansleri Olaf Şolts isə Trampın tariflərinin “qarşıdakı illərdə iqtisadi böhrana səbəb ola biləcəyini”,- deyib.

 

ABŞ MALLARI ÜÇÜN BƏZİ TARİFƏLƏR APRELƏ TƏXİRƏ SALINIB

 

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Aİ-nin ABŞ-nin polad və alüminium tariflərinə qarşı planlaşdırdığı bəzi tədbirlərin aprel ayının ortalarına qədər təxirə salındığını açıqlayıb:

 

“Tarifələrlə bağlı ABŞ hökuməti ilə aktiv müzakirələr aparırıq və tariflərin qüvvəyə minmə vaxtını tənzimləmək qərarına gəldiyimizi təsdiqləyə bilərəm".

 

Fon der Lyayen əlavə edib ki, Aİ-nin ABŞ-a cavabı dəyişməz qalır:

 

“Bu, çox vacibdir, çünki cavab tədbirlərimiz 26 milyard avroya qədər olan tədbirləri əhatə edir. Bu da ABŞ-nin tariflərinin bizə potensial təsiri olan 28 milyard dollara bərabərdir. Məqsədimiz məhsullar arasındakı tarazlığı düzgün təmin etmək, istehsalçılarımızın, ixracatçılarımızın və istehlakçılarımızın maraqlarını qorumaq, həmçinin iqtisadiyyatımıza mümkün mənfi təsiri minimuma endirməkdir".

 

ALMANİYA KANSLERİNDƏN TRAMPA XƏBƏRDARLIQ

 

Avropa İttifaqı sammitində çıxış edən Almaniya kansleri Olaf Şolts da Avropanın Trampın tətbiq etdiyi tariflərə qarşı “soyuqqanlı və balanslı yanaşmalı” olduğunu bildirib. O, Trampa “iqtisadi böhran” barədə xəbərdarlıq edib:

 

“Başqalarının bizi qorxutmasına imkan verməməliyik və qlobal iqtisadiyyata zərər verə biləcək, hətta illərlə davam edə biləcək iqtisadi tənəzzülə səbəb ola biləcək proteksionizm dalğasından qaçmağa fokuslanmalıyıq. Bu vəziyyət təkcə Avropada deyil, Amerika Birləşmiş Ştatlarında və digər bölgələrdə də ciddi nəticələrə səbəb ola bilər".

 

CNN Türk

Günel Verdiyeva